"Soyuq havalara yay fəslindən hazırlaşmalıyıq" MÜTƏXƏSSİS RƏYİ-ÖZƏL

“Soyuq hava şəraitində geyiminə və qidalanmasına düzgün fikir verməyən şəxslər də xəstələnmə halı daha yüksək olur”. Bunu SİA-ya açıqlamasında Səhiyyə Nazirliyinin baş pediatrı Nəsib Quliyev deyib.

O bildirib ki, lakin xəstəliklərin yayılma riski kollektivlərin çox olduğu yerdə daha da çoxalır: “Kollektiv yerlərdə soyuqdəyməni törədən adeno, rina, rota, para qrip, qrip kimi yüzlərlə viruslar var ki, onların yayılması halı genişlənir. Bir sözlə ifadə etsək kollektivlər soyuqdəymə xəstəliyinin artmasına səbəb olur”.

Erkən və kiçik yaşlı uşaqların soyuqdəymədən xəstələnmə riskinin böyüklərlə müqayisədə daha yüksək olduğunu dilə gətirən baş pediatr bunu uşaqların yoluxmaya həssas olması, immun sisteminin tam formalaşmaması, orqanizmin özünü qoruma funksiyasının hələ tam yetişməməsi ilə əlaqələndirib.

N. Quliyev söyləyib ki, erkən yaşlı uşaqlarda böyümə və inkişaf prosesləri, maddələr mübadiləsi sürətlə getdiyi, orqanizmin obrazı gərgin rejimdə olduğu üçün onlarda xəstələnmə ehtimalı yüksək olur: “ Uşaq orqanizmində toxumalar qanla zəngin olur. Belə olan halda, virusların inkişafına şərait yaranır və bu da nəticə etibarı ilə uşaqlarda xəstələnmə riskini çoxaltmış olur. Lakin bu o demək deyil ki, orta yaşlı insanlar payız-qış mövsümündə daha az xəstələnirlər. Əksinə 40-50 yaşlı insanlar da risk qrupuna daxildirlər. 40-50 yaşdan sonra orqanizmdə zəifləmə getdiyi üçün bu yaşlı insanların mövsümi xəstəliklərə xəstələnmə riski artmış olur”.

Pediatr əlavə edib ki, soyuq havalara hazırlıq yay fəslindən olmalıdır: “ Yay fəslində orqanizmində möhkəmləndirici tədbirlər aparmalı, düzgün qidalanmalı, havadan, günəşdən, sudan, qumdan yaxşı istifadə etməliyik. Yay fəslində immun sistemini gücləndirən şəxslər qış mövsümündə az xəstələnirlər”.

Bütün xəbərlər Facebook səhifəmizdə