QİÇS-ə yoluxmuş 109 uşaqdan 27-si ölüb Gürcüstanda

Son vaxtlar Gürcüstanda qrip və digər yoluxucu xəstəliklərin artması, xüsusən də uşaqlar arasında bu xəstəliklərin sürətlə yayılması hökuməti daha sərt addımlar atmağa vadar edib. Gürcüstanda 2018-ci ildə 672 nəfər QİÇS-ə yoluxub. Bu, 2017-ci illə müqayisədə 41 nəfər çoxdur. SİA Gürcüstanın İnfeksiya Patologiyası, QİÇS və Kliniki İmmunologiya üzrə Elmi-Praktik Mərkəzinə istinadla xəbər verir ki, 2018-ci il dekabrın 31-nə olan məlumata görə, ölkədə 7434 QİÇS-ə yoluxma halı qeydə alınıb.

Xəstəliyə yoluxanların 5564 nəfəri kişi, 1870 nəfəri isə qadındır. Onların böyük əksəriyyəti 29-39 yaş qrupuna daxil olan insanlardır.

Mərkəzdən bildiriblər ki, 3989 xəstədə QİÇS-in inkişafı qeydə alınıb, 1515 nəfər isə bu xəstəlikdən dünyasını dəyişib.

Qurumun məlumatına görə, HİV infeksiyasına yoluxma hallarının 39,9 faizi narkotik vasitələrdən istifadə nəticəsində, 46,4 faizi isə heteroseksual əlaqə vasitəsilə yayılıb.

QİÇS-ə yoluxanların 2719 nəfəri Tbilisidə yaşayır. Onların 87-si xarici ölkə vətəndaşıdır.

Qonşu ölkədə HİV infeksiyasına yoluxanlar arasında uşaqlar da var. Son məlumatlara görə, ölkədə 40-ı qız olmaqla 109 uşaq QİÇS-ə yoluxub. Onlardan 27-si artıq ölüb.

Hökumətin qərarına əsasən Gürcüstanda uşaqlar məcburi qaydada peyvənd olunacaqlar. Uşaqların peyvəndləməsinə yanvarın ilk günlərindən başlanılıb. Bununla əlaqədar qanun 2018-ci ilin payızında qəbul olunsa da, qeyri-müəyyən səbəblərdən icra edilmirdi. Daha əvvəl isə uşaqlar könüllülük prinsipi əsasında, valideynlərin arzusu ilə peyvənd olunurdular.

Bütün xəbərlər Facebook səhifəmizdə