Hemodializ xəstələri 71 adda dərmanla tam təmin olunurlar

Ölkədə xroniki böyrək çatışmazlığı (XBÇ) və ya böyrəklərin xroniki xəstəliyi (BXX) ilə mübarizə aparan şəxslər daim dövlətin qayğısı ilə əhatə olunurlar. Əgər əvvəllər xəstələr hemodializ almaq üçün uzun məsafələr qət edərək paytaxt Bakıya gəlmək zərurəti ilə üzləşirdisə, hazırda bir çox regionlarda hemodializ şöbələrinin açılması bu xəstəlikdən əziyyət çəkən vətəndaşların böyük bir çətinlikdən xilas olmasına imkan yaradır. Bu barədə SİA-ya Səhiyyə Nazirliyindən məlumat verilib.

Nazirlər Kabinetinin 2016-2020-ci illər üçün “Xroniki Böyrək Çatışmazlığı” Dövlət Proqramına uyğun olaraq Sabirabad və Zərdab MRX-da da Hemodializ şöbələri əhalinin istifadəsinə verilib. Sabirabadda istifadəyə verilən 8, Zərdab Mərkəzi rayon xəstəxanasında isə 5 süni böyrək aparatları bu xəstəlikdən əziyyət çəkən hər iki rayon sakinlərinin ehtiyaclarını dövlət hesabına ödəməyə imkan verəcək.

Bu gün Azərbaycanda dövlət hesabına hemodializlə müalicə üçün növbədə demək olar ki, xəstə yoxdur. Xəstələr 71 adda dərman və tibbi ləvazimatlarla Səhiyyə Nazirliyinin tərəfindən tam təmin olunurlar.

Qeyd edək ki, xroniki böyrək çatışmazlığı (XBÇ) və ya böyrəklərin xroniki xəstəliyi müxtəlif səbəblərdən böyrəklərin funksiyasının tədricən itməsi və təkrar bərpa olunmaması ilə nəticələnən patoloji haldır.

Böyrəklərin xroniki iltihabi xəstəlikləri, sidik yollarının infeksiyaları, anadangəlmə böyrək anomaliyaları, bir sıra uroloji patologiyalar və böyrək daşı xəstəliyi, şəkərli diabet, hipertoniya xəstəliyi və s. böyrək çatışmazlığı ilə fəsadlaşa bilər.

Xəstəliyin ilk mərhələlərində dərman müalicəsi ilə böyrək çatışmazlığının sonrakı inkişafının və gözlənilən ağırlaşmaların qarşını almaq mümkün olur. Lakin konservativ müalicə effektsiz olduğu hallarda böyrəklərin artıq itirilmiş funksiyalarını əvəz edə biləcək müalicə üsulları tətbiq olunur ki, bunlara hemodializ, periton dializi və böyrəkköçürmə aiddir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...