İcbari tibbi sığortanın tətbiqi insanların sağlamlığına yönəldilib

Azərbaycanda səhiyyə sisteminin yenidən qurulması, əhalinin sağlamlığının daha yaxşı təşkili, bu sahədə yeni texnologiyaların tətbiqi və yeni kadr potensialının hazırlanmasını özündə əks etdirən dövlət proqramları, həyata keçirilən islahatlar tibbi xidmətin səviyyəsini yüksəldib. Müasir dövrümüzdə ölkəmizdə icbari tibbi sığortanın tətbiqi səhiyyə sahəsində aparılan islahatların davamı, tərkib hissəsidir. Müasir və keyfiyyətli tibbi xidməti təmin edən səhiyyənin maliyyələşdirilməsinin yeni forması olan icbari tibbi sığorta vətəndaşların tibbi xidmətlərə əlçatanlığını təmin edəcək.

Hazırda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi beynəlxalq ekspertlərlə birgə icbari tibbi sığortanın ölkə üzrə tətbiqi, mövcud vəziyyətinin təhlili və gələcək perspektivləri üzərində intensiv işlər aparır. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin monitorinq, təhlil və aktuari departamentinin rəhbəri Araz Nəsirovun "Səs"qəzetinə verdiyi açıqlamasında təhlillərin yekununda icbari tibbi sığortanın ölkə üzrə tətbiqi mexanizminin detallarının müəyyən olacağını söylədi. Onun sözlərinə görə, ümumilikdə, 2019-cu ildən icbari tibbi sığortanın ölkə üzrə mərhələli şəkildə tətbiqinə başlanılması nəzərdə tutulur. Azərbaycanda icbari tibbi sığoratanın tətbiqi bir sıra məsələlərin həllinə səbəb olacaq" - deyən A.Nəsirov başlıca olaraq, onun tətbiqi nəticəsində sığorta olunanların sağlamlıqları ilə əlaqədar maliyyə yükünün azalacağını bildirdi: "Eləcə də, xəstəliklərin əvvəlcədən aşkar edilməsi üçün ilkin səhiyyə xidməti təkmilləşdiriləcək, o cümlədən ailə həkimi institutu inkişaf edəcək. Sistem elə qurulacaq ki, xəstəliklərin erkən aşkarlanması və vətəndaşların vaxtında müalicəyə cəlb edilməsi mümkün olacaq. İcbari tibbi sığorta çərçivəsində həmçinin əhali üçün tibbi xidmətlərdən istifadə edilməsində bərabər şərtlər yaradılacaq, hamı üçün əlçatanlığı təmin ediləcək, tibbi xidmətlərin keyfiyyətinin və səmərəliliyinin artırılması istiqamətində tədbirlər görüləcək".

İşləməyən şəxslərin bundan necə yararlanacağına gəlincə isə A.Nəsirov bütün əhali qrupları üçün icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərin əldə olunması üçün bərabər imkanların yaradılması nəzərdə tutulduğunu qeyd etdi: "Əmək qabiliyyətli olub işləməyən və qeyri-rəsmi işləyən şəxslər sığorta haqqını fərdi qaydada ödəməlidirlər. Əks halda, onlar xəstəxanalarda tibbi xidmətlərdən ödənişli qaydada istifadə etməli olacaqlar".

Departamentin rəhbəri icbari tibbi sığortadan xarici vətəndaşların yararlanmasının yerli və beynəlxalq qanunvericiliyə, dövlətlərarası razılaşmalara əsasən tənzimlənəcəyini vurğuladı.

Onun sözlərinə görə, bu gün pilot layihələr tətbiq olunan rayonlarda 370 min nəfərdən çox qeydiyyatda olan əhali və məcburi köçkün icbari tibbi sığortanın 1829 adda tibbi xidməti əhatə edən baza zərfindən ödənişsiz istifadə etdiklərin bildirdi: "Hazırda maliyyələşmə mexanizmləri və tariflərlə bağlı müzakirələr aparılır. İcbari tibbi sığorta haqqı üçün muzdlu işçilərin əmək haqlarından faiz tutulması, digər vətəndaşlar tərəfindən isə illik 120 manat ödənilməsi təklif olunur. İqtisadi qeyri-fəal əhalinin xərclərinin dövlət büdcəsi tərəfindən qarşılanması gözlənilir. Qeyd olunan hesablama pilot ərazilərdə icbari tibbi sığortanın tətbiqi dövründə maliyyə nəticələrinə əsasən hesablanmışdır".

Millət vəkili Musa Quliyev "Səs" qəzetinə açıqlamasında bildirib ki, bu layihə əhaliyə etibarlı, keyfiyyətli, səmərəli tibbi xidmətlərin göstərilməsinə zəmanət verəcək universal və dayanıqlı tibbi sığortanı təmin edəcəkdir. Müasir dünyada səhiyyə icbari tibbi sığorta əsasında maliyyələşir. Artıq ölkəmizdə icbari tibbi sığorta ilə bağlı pilot layihələrin həyata keçirildiyini bildirən M.Quliyev - Mingəçevir şəhəri, Yevlax və Ağdaş kimi rayonlarında həyata keçirildiyini vurğuladı. İcbari tibbi sığortanı baza zərfinə daxil olan tibbi xidmətə gəlincə isə bildirib ki, bura 1829 adda tibbi xidmək daxildir. Bunlardan 480-i ambulator, 677–si stasionar, 18–i ilkin səhiyyə, 6 növ təcili və təxirəsalınmaz tibbi yardım olduğunu diqqətə çatdırıb. Baza zərfi həmçinin 459 adda laborator müayinəyə və 166 adda həyati vacib, dəyəri yüksək xidmətlərə də təminat verir.

Baza zərfinə daxil edilən həyati vacib, dəyəri yüksək tibbi xidmətlər müəyyənləşdirilərkən ölüm səbəbləri arasında öndə gedən xəstəliklər nəzərə alınıb. Belə ki, qapalı və açıq ürək əməliyyatları, o cümlədən stend qoyulması, damar əməliyyatları sığorta paketinə daxil edilib, çünki ürək-damar xəstəlikləri ölüm səbəbləri arasında yüksək yer tutur.

Azərbaycan Tibb Universitetinin daxili xəstəliklər kafedrasının doseti Nağdəli Zamanov icbari tibbi sığortanın tətbiqinin əhəmiyyətinə toxunaraq ilk növbədə Azərbaycan vətəndaşına dövlət tərəfindən göstərilən növbəti diqqət və qayğı olduğunu bildirdi. Bunu sivil, demokratik cəmiyyətin növbəti uğuru kimi dəyərləndirərək qeyd etdi ki, dövlət tərəfindən atılan bu addım vətəndaş-dövlət birliyini daha da möhkəmləndirəcəkdir.

İcbari tibbi sığortanın əhalinin sağlamlığının həllində mühüm rol oynayacağanı bildirərək xəstəliklərin vaxtında müayinə olunmasına imkan verəcəyini diqqət çatdırdı. Eyni zamanda, vətəndaşların səhiyyə xərclərinin azalması səbəbindən pullarına qənaət etməsinə və az təminatlı və ya işsiz statusu olan insanların səhiyyə xidmətindən yararlanmasına imkan yaradacağını söylədi: "Bu, çox ciddi və önəmli məsələdir. Dünyanın bir çox ölkələrində artıq icbari tibbi sığorta tətbiq olunub. Dövlət tərəfindən ayrılan vəsaitlər hesabına ölkəmizdə də vətəndaşlara daha yüksək səhiyyə xidmətlər göstəriləcək".

Göründüyü kimi, həyata keçirilən tədbirlər vətəndaş firavanlığına, sosial rifah halının yaxşılaşmasına istiqamətlənib. Azərbaycan Prezidenti Cənab İlham Əliyev tərəfindən əhalin sağlamlığını və rifah halını yüksədilməsi ilə bağlı imzaladığı fərman və sərəncamlar bu sahədə tədbirlərin gücləndirilməsinə, yeni addımların atılmasına geniş imkanlar atır. Azərbaycanda səhiyyə sisteminin yenidən qurulması, əhalinin sağlamlığının daha yaxşı təşkili, bu sahədə yeni texnologiyaların tətbiqi və yeni kadr potensialının hazırlanmasını özündə əks etdirən dövlət proqramları tibbi xidmətin səviyyəsini yüksəldib.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...