"Vərəmin yayılması ilə bağlı yanlış informasiyaların əsası yoxdur" RƏSMİ AÇIQLAMA

Səhiyyə Nazirliyi Son günlər "Whatsapp" mobil əlavəsində bir sıra qida məhsullarının keyfiyyətsiz və insan sağlamlığı üçün təhlükəli olması barədə, eyni zamanda, ümumtəhsil müəssisəsində vərəmin sürətlə yayılması barəsində əsassız məlumatlara münasibət bildirib. Bu barədə SİA-ya açıqlama verən Bakı şəhərinin Baş Ftiziatrı, tibb elmlər doktoru, professor Yavər Şıxəliyev ölkədə o cümlədən Bakı şəhərində mütəmadi olaraq vərəm əleyhinə tədbirlərin həyata keçirildiyini deyib.

Onun sözlərinə görə, tədbirlər ölkə üçün qəbul olunmuş “Milli proqram” əsasında aparılır: “Əhali arasında vərəm əleyhinə tədbirlər istiqamətində sanitar maarifləndirmə işləri yerinə yetirilir. Vaxtaşırı ilkin tibbi yardım müəssisələrinin həkim və orta tibb işçiləri ilə mütəmadi maarifləndirici mülahizələr, söhbətlər aparılır. Müəssisələrə vərəm əleyhinə tədbirlərə aid maarifləndirici plakatlar, bukletlər və s. paylanılır. İlkin tibbi yardım müəssisələrinin ərazisində yerləşən bağçalarda, ümumi təhsil və ali təhsil müəssisələrində hər il vərəm xəstəliyinin erkən aşkarlanması üçün kütləvi və fərdi tuberkulin diaqnostikası yerinə yetirilir. Əhalinin mütləq müayinə olunmalı olan qrupları; müəllimlər, bağça işçiləri, ictimai iaşə işçiləri və s. mütəmadi olaraq tibbi müayinədən o cümlədən vərəm əleyhinə müayinədən keçirlər”.

Vərəm xəstələrinin vərəm əleyhinə keyfiyyətli dərmanlarla pulsuz şəkildə tam təmin olunduğunu açıqlayan Baş Ftiziatı söyləyib ki, vərəm müəssisələrinin material-texniki bazalarının vəziyyəti və bu müəssisələrin bronx-ağ ciyər xəstəliklərinin diaqnostik imkanları yüksək səviyyədədir: “Bu müəssisələrdə ən müasir rentgen-tomoqrafik aparatlarla müayinələr və vərəmin tez aşkarlanması üçün möhtəviyyatların molekulyar-genetik səviyyədə bakterioloji müayinələri aparılır. Son nəticədə 2017-ci ildə Bakı şəhərində vərəmlə ilkin xəstələnmələrin səviyyəsi keçmiş Sovetlər birliyinə daxil olan ölkələrdən 4-5 dəfə aşağıdır. Bakı şəhərinin Yasamal və Nəsimi rayonlarında uzun illər aparılan vərəm əleyhinə tədbirlər nəticəsində ilkin xəstələnmənin səviyyəsi ölkəmizin digər bölgələrindən 4 dəfə aşağıdır. Ona görə də Yasamal və Nəsimi, eləcə də ölkənin digər bölgələri haqqında xəstəliyin yayılması barədə yayılan yanlış informasiyalar əsassızdır”.

Mütəxəssis qeyd edib ki, qərəzli informasiyalar uşaq, yeniyetmə və gənclərin müayinələrdən yayındırılmasına xidmət edir: “Hər il digər bölgələrdə olduğu kimi Yasamal və Nəsimi rayonlarında yüz minlərlə uşaq və yeniyetmə vərəmə görə profilaktik müayinələrə cəlb olunur. Onlar arasında vərəmə yoluxma və xəstələnmənin səviyyəsi Ümumdünya Səhiyyə Təşkilatının göstəricilərindən qat-qat aşağıdır. Bizim ölkəmizdə vərəm xəstəliyinin epidemik vəziyyəti yoxdur və ola da bilməz. Vərəm əleyhinə tədbirlərin yerinə yetirilməsinə Səhiyyə Nazirliyinin və Bakı Baş Səhiyyə İdarəsinin mövcud bölmələri daim nəzarət edirlər. Bu problem Səhiyyə Nazirliyinin daim nəzarətindədir”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə