Aşura günü Azərbaycanın bütün bölgələrində qanvermə aksiyası keçirilib FOTOLAR

Aşura günü ilə bağlı Azərbaycanın bütün bölgələrində qanvermə aksiyaları keçirilib. SİA-nın verdiyi məlumata görə, toplanan qanın miqdarı tonlarla ölçülür.

Masallı

Bu gün Masallı şəhərindəki Cümə məscidində Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə Aşura günü ilə bağlı keçirilən humanitar aksiyada 200 nəfər könüllü qan verib.

Xeyirxahlığı, insanlığı, vətənpərvərliyi özündə ehtiva edən bu aksiyada dindarlarla yanaşı, rayonun idarə, müəssisə və təşkilatlarının nümayəndələri də iştirak ediblər.

Masallı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Cəlil Nəzərov bildirib ki, humanitar aksiyada iştirak edən 300-dən çox rayon sakininin sağlamlığı Mərkəzi Qan Bankının Lənkəran bölməsinin və rayon mərkəzi xəstəxanasının həkim və tibb işçiləri tərəfindən əvvəlcədən yoxlanılıb. Onlardan yalnız 200-dən qan götürülüb.

Aksiya zamanı tədarük olunan qan nümunələri Lənkəran Regional Qan Bankına təhvil veriləcək, hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.

Bərdə və Beyləqan

Bütün bölgələrində olduğu kimi, Bərdə rayonunda da Aşura günü ilə bağlı mərasimlər keçirilib. Səhər saatlarından Bərdə şəhərindəki İmamzadə ziyarətgahına gələn bərdəlilər Kərbəla şəhidlərinin xatirəsini yad edib, Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsi tərəfindən qana ehtiyacı olan xəstələrə yardım məqsədilə təşkil edilən könüllü qanvermə aksiyasında iştirak ediblər. Aksiya zamanı 118 nəfər könüllü olaraq qan verib.

B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankının Bərdə bölməsinin əməkdaşları tərəfindən toplanan qan hemofiliyalı və talassemiyalı, həmçinin digər xəstələrin müalicəsində istifadə olunacaq.

Aşura günü ilə əlaqədar Beyləqan Rayon Mərkəzi Xəstəxanasında da qanvermə aksiyası keçirilib. Rayon sakinlərinin, dindarların iştirak etdiyi aksiyada 32 nəfər qan verib.

Ağsu

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təşəbbüsü və Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Aşura günündə Ağsuda qanvermə aksiyası keçirilib. Rayon mərkəzi xəstəxanasından bildirilib ki, B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun əməkdaşlarının hərtərəfli müayinəsindən sonra 154 könüllüdən qan götürülüb.

Qana ehtiyacı olan xəstələr üçün 70 litrədək qan yığılıb.

Şirvan şəhər

Aşura günü ilə əlaqədar Şirvan şəhərində qanvermə aksiyası keçirilib. Mərkəzi Qan Bankının Şirvan bölməsində keçirilən könüllü aksiyada günün birinci yarısında 200 şəhər sakinindən qan tədarük olunub. Aksiya axşam saatlarınadək davam edəcək.

Qanvermədə iştirak edən şəhər sakinləri aksiyada iştirak etməklə, qana ehtiyacı olan insanların köməyinə çatmaq üçün bu nəcib və humanist xarakterli aksiyaya qoşulublar. Məqsəd hemofiliya və talassemiya xəstəliklərindən əziyyət çəkən insanlara, xüsusən də uşaqlara yardım etmək və onlar üçün tədarük olunan qan ehtiyatını artırmaqdır.

Yığılan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya, qan xəstəliklərindən əziyyət çəkənlər və kritik anlarda ehtiyacı olanlar üçün istifadə olunacaq.

Quba

Sentyabrın 20-də Qubada hemofiliya, talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkənlərə yardım məqsədilə təşkil olunan aksiyada 100-dən çox könüllü donordan qan götürülüb. Aşura günü ilə əlaqədar təşkil olunan qanvermə aksiyası Səhiyyə Nazirliyinin B.Eyvazov adına Hematologiya və Transfuziologiya İnstitutunun nəzdində Mərkəzi Qan Bankı və Quba Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilib.

Mərkəzi Qan Bankının Quba bölməsində təşkil olunan qanvermə aksiyası səhər saatlarından başlayıb. Xüsusi tibb briqadasının həkim-hematoloqları rayon mərkəzi xəstəxanasının tibb heyəti ilə birgə donorları müayinə etdikdən sonra onlardan qan götürüblər.

Aksiya iştirakçıları qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün könüllü qan verməyin xeyirxah və savab iş olduğunu bildirərək, belə aksiyalarda yaxından iştirak etməyin vətəndaşlıq borcu olduğunu söyləyiblər.

Humanitar aksiya çərçivəsində toplanan qan irsi qan xəstəliklərinin müalicəsində istifadə olunacaq.

Ağcabədi

Aşura günü ilə əlaqədar Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında keçirilən qanvermə aksiyasında 125 nəfər könüllü qan verib. Xəbər verilir ki, Qafqaz Müsəlmanları İdarəsi və Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə reallaşan aksiyada rayon sakinləri, dindarlar fəal iştirak ediblər. B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun əməkdaşları tərəfindən toplanan qan müayinədən keçdikdən sonra hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan digər xəstələrin müalicəsində istifadə ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə