Pilot tibb müəssisələrində keçirilən soruğunun nəticələri

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) pilot tibb müəssisələrində - Mingəçevir şəhər və Yevlax rayon Mərkəzi Xəstəxanalarında çalışan orta tibb işçiləri arasında keçirilən “Tibb işçilərinin işdən məmnunluğunun və icbari tibbi sığorta sisteminin tətbiqinə münasibətinin öyrənilməsinə dair sorğunun” nəticələri əsasında hazırlanan hesabatları ictimaiyyətə təqdim edib. Agentlikdən SİA-ya verilən xəbərə görə, sorğularda Mingəçevir şəhər Mərkəzi Xəstəxanasından (Mingəçevir ŞMX) 277, Yevlax rayon Mərkəzi Xəstəxanasından (Yevlax RMX) 202 nəfər orta tibb işçisi iştirak edib.

Hesabatda göstərilir ki, 2016-cı ildə Mingəçevir ŞMX-da çalışan orta tibb işçilərinin 94.6%-i, Yevlax RMX-da isə 93.6%-i 105-250 manat həcmində məvacib alıb. 2017-сi ildən etibarən icbari tibbi sığortanın (İTS) tətbiqindən sonra Mingəçevir ŞMX və Yevlax RMX-da fəaliyyət göstərən orta tibb işçilərinin əmək haqlarına sabit əlavələr edilib. Bunun nəticəsində Mingəçevir ŞMX-da çalışan orta tibb işçilərinin 68%-nin, Yevlax RMX-da isə 30%-nin məvacibi 251-450 manat olub. Aldıqları məvacibdən məmnunluq səviyyəsinə gəldikdə Mingəçevir ŞMX üzrə bu göstərici 60%, Yevlax RMX üzrə isə 74.2% qeydə alınıb.

Sorğuların nəticələrindən məlum olmuşdur ki, Mingəçevir ŞMX-da aparıan islahatlardan orta tibb işçilərinin 78%-i, Yevlax RMX-da aparılmış islahatlardan 83.6%-i, vətəndaş kimi İTS-nin tətbiqindən Mingəçevir ŞMX-da 83.8%-i, Yevlax RMX-da 89.1%-i, iş yerinin texniki təchizatından Mingəçevir ŞMX-da 66.4%-i, Yevlax RMX-da isə 77.3%-i razıdır.

Mingəçevir ŞMX və Yevlax RMX-da çalışan orta tibb işçilərinin əksəriyyəti İTS-nin tətbiqinin onların çalışdıqları tibb müəssisəsinə müsbət təsir etdiyini bildirib. Onlar tibb müəssisələrinin müvafiq tibbi avadanlıqlarla, dərman vasitələri ilə təchizatının və iş şəraitinin yaxşılaşmasını, nizam-intizamın güclənməsini, tibbi xidmətlərin keyfiyyətinin yüksəlməsini, onlara əlçatanlığın artmasını və pasiyentlərin məmnunluğunun artmasını müsbət qiymətləndiriblər.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə