"Beynəlxalq multidissiplinar xərçəng müalicəsi" mövzusunda konfrans keçirilir

Sentyabrın 15-də Bakıda "Beynəlxalq multidissiplinar xərçəng müalicəsi" mövzusunda beynəlxalq konfrans işə başlayıb. SİA xəbər verir ki, tədbirin əsas mövzusu süd vəzi xərçəngi və baş-boyun şişlərində multidissiplinar müalicə və perspektivlərdir.

Tədbirdə çıxış edən Milli Onkologiya Mərkəzinin Baş direktorunun birinci müavini, mərkəzin baş-boyun şişləri şöbəsinin cərrah-onkoloqu, professor Əziz Əliyev Azərbaycanda onkoloji xidmətin inkişaf yolundan danışıb. Bildirilib ki, ölkə rəhbərliyinin daim diqqət və qayğı göstərdiyi Milli Onkologiya Mərkəzi təkcə respublika əhalisinə deyil, region ölkələrinin əhalisinə də ixtisaslaşmış onkoloji yardım göstərilməsi istiqamətində elmi-metodiki və profilaktik işləri əlaqələndirən aparıcı müəssisədir.

Digər çıxış edənlər onkoloji xəstəliklər və onların müalicəsində tətbiq olunan müasir üsullar barədə danışıblar.

Tədbir "Azərbaycanda süd vəzi xərçənginin epidemiologiyası və müalicə prinsipləri", "Süd vəzi xərçəngində patohistoloji müayinə", "Süd vəzi xərçəngində cərrahi müalicənin rolu" və bir sıra digər məruzələrlə davam etdirilib.

Beynəlxalq konfrans iki gün davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə