Hər beş körpədən üçü həyatının ilk saatında əmizdirilmir

Yeni doğulan körpənin həyatının birinci saatında əmizdirilməsi onun sağ qalmasında həlledici rol oynayır. UNICEF ilə Dünya Səhiyyə Təşkilatının (DST) yeni məruzəsində açıqlanan hesablamalara görə, 78 milyon körpə, yaxud hər yeni doğulan beş körpədən üçü həyatının ilk saatında əmizdirilmir. Bu da onların ölməsi və xəstələnməsi riskini artırır, gələcəkdə ana südü ilə qidalanması ehtimalını isə azaldır. Belə körpələrin çoxu gəlir səviyyəsi aşağı və orta olan ölkələrdə doğulur.

DST-nin saytı xəbər verir ki, məruzədə həyatının birinci saatında ana südü ilə qidalanan körpələrin salamat qalması ehtimalının çox yüksək olduğu vurğulanır. Yeni doğulan körpənin ana südü ilə qidalanmasının hətta bir neçə saat gecikdirilməsi onun həyatı üçün təhlükəli ola bilər. Cismani təmas, körpənin anasının döşünü əmməsi ana orqanizmini süd, o cümlədən körpənin “ilk vaksini” adlandırılan, zəngin bəsləyici maddələr və anticisimlər mənbəyi olan ağızsüdü hasil etməyə stimullaşdırır.

Məruzədə deyilir ki, doğuşdan sonrakı ilk saat ərzində əmizdirilmə göstəriciləri Şərqi və Cənubi Afrika ölkələrində ən yüksək (65 faiz), Şərqi Asiya və Sakit okean regionu ölkələrində ən aşağıdır (32 faiz). Məruzə müəllifləri 76 ölkədən olan məlumatları təhlil edərək belə qənaətə gəliblər ki, ana südü ilə qidalanmanın lap tez başlanmasının böyük əhəmiyyət daşımasına baxmayaraq, dünyaya yeni gələn və müxtəlif səbəblərə görə uzun müddət ana südü gözləyən körpələr həddindən artıq çoxdur. Körpələrin süni qidalandırılması, qadınların çoxunun Qeysər kəsiyi üsulu ilə doğmaq istəməsi hallarının çoxalması, ana və körpələrə göstərilən tibbi yardımın keyfiyyətinin yetərincə yüksək olmaması belə səbəblərdəndir.

Məruzədə xatırlanan əvvəlki tədqiqatlar göstərir ki, doğulandan sonra bir saat ərzində ana südü əmən körpələrlə müqayisədə 2-23 saat sonra əmizdirilən körpələrin tələf olması riski 33 faiz yüksəkdir. Ana südü ilə bir gün sonra qidalanan körpələr üçün isə risk iki dəfədən çoxdur.

Məruzə müəllifləri israrla hökumətləri, donorları və digər rəhbərləri uşaqlar üçün süni qida qatışıqlarının və digər ana südü əvəzləyicilərinin reklamının məhdudlaşdırılmasına dair qətiyyətli hüquqi tədbirlər görməyə çağırırlar.

DST-nin və UNICEF-in rəhbərliyi altında fəaliyyət göstərən uşaqların əmizdirilməsi üzrə qlobal birlik də 2018-ci il üçün uşaqların ana südü ilə qidalanması göstəricilərinin qlobal sistemini açıqlayıb. Uşaqların əmizdirilməsi məsələlərinə dair siyasət və proqramlar sahəsində irəliləyişi izləmək məqsədi daşıyan bu sistem ölkələri bütün anaların doğuşdan keçən bir saat ərzində körpələrini əmizdirməsinə, özü də doyunca əmizdirməsinə imkan verən siyasət yürütməyə, proqramlar həyata keçirməyə təşviq edir.

Bütün xəbərlər Facebook səhifəmizdə