Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası Gədəbəydə

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası Gədəbəydə olub. SİA-nın xəbərinə görə, aksiyanın keçirilməsində məqsəd sakinlərin vaxt itirmədən, elə yaşadıqları yerdə müayinə, müalicə və əməliyyat olunmasıdır. Səyyar xidmətdə həkim-oftalmoloqlar, anestezioloqlar, rezident-həkimlər, tibb bacıları və texniki heyətdən ibarət geniş səyyar briqada iştirak edir. Aksiya zamanı ümumilikdə 15 nəfərlik peşəkar heyət 400-ə yaxın pasiyenti müayinə və müalicə edib, 10-a yaxın cərrahiyyə əməliiyatı aparıb.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin mürtəxəssiləri Gədəbəy sakinlərinin gün altında çox olduqlarını əsas gətirərək onlar arasında quru göz sindromu probleminin çoxluq təşkil etdiyini deyirlər. Eləcə də pasientlər arasında refraksiya anomaliyaları və göz travmaları ilə müraciət edənlər də var.

Aksiya zamanı vəziyyətinin daha ağır olduğu müəyyən edilən xəstələr Mərkəzin Gəncə filialına və Bakıya-Mərkəzin özünə göndəriliblər.

Qeyd edək ki, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, Səhiyyə Nazirliyinin baş oftalmoloqu, tibb üzrə elmlər doktoru, professor Elmar Qasımovun rəhbərliyi ilə 2005-ci ildən bu günə kimi Səyyar Klinika respublikanın rayon və şəhərlərində onlarla tibbi aksiya keçirib. Mərkəzin Azərbaycanın rayon və şəhərlərində həyata keçirdiyi tibbi aksiyalar mütəmadi xarakter daşıyır və bu, Prezident İlham Əliyevin səhiyyə ilə bağlı reallaşdırdığı layihələrin tərkib hissəsi hesab olunur.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə