Azərbaycanla İran arasında səhiyyə sahəsində əlaqələrin inkişafı üçün geniş potensial var

Səhiyyə naziri Oqtay Şirəliyev 12.07.2018-ci il tarixində iranlı həmkarı Seyid Həsən Qazizadə Haşimi ilə görüşüb. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Səhiyyə Nazirliyində baş tutan görüşdə iki ölkə arasında səhiyyə və tibb elminə dair əməkdaşlıq əlaqələri, İran İslam Respublikasının əczaçılıq sahəsindəki təcrübəsindən istifadə edərək ölkəmizdə əczaçılıq sənayesinin inkişafı və tətbiqi məsələləri müzakirə edilib.

Qeyd edək ki, görüşdə İran İslam Respublikasının əczaçılıq sənayesinin rəsmiləri də iştirak edirdi.

Qonaqları salamlayan nazir Oqtay Şirəliyev ölkələrimizin iki qardaş dövlət olduğunu bildirdi. Vurğuladı ki, hər iki dövlət başçısının sıx dostluq münasibətləri ölkələrimiz arasında bir çox sahədə, o cümlədən, səhiyyə sahəsində geniş münasibətlərin qurulmasına imkan yaradıb.

Sərhəd rayonlarında birgə fəaliyyət göstərən tibb işçiləri, farmakoloji münasibətlərin qurulması və genişləndirilməsi, tibbi təhsil və ölkələrimiz arasında tələbə mübadiləsi bir daha bu sahədə geniş əməkdaşlığın bariz nümunəsidir.

Farmakologiya sahəsində əlaqələrimiz daha da genişlənmək üzrədir. Belə ki, İran dövlətinin təklifi ilə Azərbaycanda dərman istehsalı zavodu tikilir. Hazırda isə İrandan Azərbaycana gətirilən bir sıra dərman preparatları ölkədə rəsmi qeydiyyatdan keçərək bazara buraxılıb. Digər bir təklif Bakıda İranın tibb müəssisəsinin fəaliyyət göstərməsidir. Artıq bunu tətbiqi üçün hər iki dövlətin nümayəndələri arasında danışıqlar aparılır, müvafiq işlər görülür.

İran İslam Respublikasının səhiyyə və tibbi təhsil naziri d-r Seyid Həsən Qazizadə Haşimi də öz növbəsində səmimi qarşılanmaya və ölkəmizə dəvətə görə minnətdarlığını bildirdi.

Qonaq Azərbaycan prezidenti İlham Əliyev cənablarının İran İslam Respublikasına səfərini və ölkə bacısı cənab Həsən Ruhani ilə görüşünü xatırlatdı. Bildirdi ki, hər iki dövlət başçısı görüşdə ölkələrimiz arasında sıx münasibətlərin olmasında və bu münasibətlərin daha da genişləndirilməsində maraqlıdır. Məhz həmin görüşdə dərman istehsalı zavodunu tikilişi təklif edilib.

D-r Seyid Həsən son illər Azərbaycanın səhiyyə sahəsindəki nailiyyətlərinin böyük uğurundan danışdı. Qeyd etdi ki, Azərbaycan region dövlətləri sırasında əhali sayına görə xəstəxanalarda çarpayı sayının tənzimlənməsinə görə, tibbin təşkilinə görə, bir çox infeksion xəstəliklərin qarşısının alınması və. s bu kimi məsələlərin təşkilinə görə öndə gedən dövlətlər sırasındadır. Bu gün iki dövlət arasında istənilən sahədə xüsusən də səhiyyə sahəsində əlaqələrin inkişafı üçün geniş potensial var.

Daha sonra ölkələrimiz arasında tibbi təhsilin təşkili, tələbə mübadiləsi, dərman preparatları ilə təminat, tibbi turizmin inkişafı, iki dövlət arasında konfrans, konqres, master-klassların təşkili və.s bu kimi mühüm məsələlər müzakirə olunub.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə