Dövlət Agentliyi tibb işçiləri üçün yeni imkan yaradıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) pilot ərazilərdəki tibb müəssisələrində çalışan həkimlərin Britaniya Tibb Jurnalının (British Medical Journal (BMJ)) “BMJ Best Practice” və “BMJ Learning” adlı onlayn resurslarından ödənişsiz istifadəsini təmin edib. Bu onlayn resurslar həkimlərə peşəkarlıq səviyyələrini, kliniki bacarıqlarını, biliklərini və səhiyyə sahəsindəki yeniliklərlə bağlı məlumatlılığını artırmağa, sübutlara əsaslanmış məlumatlar əsasında araşdırmalar aparmağa kömək edir.

Qeyd etmək lazımdır ki, sözügedən resurslar Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurası tərəfindən davamlı tibbi təhsilin inkişaf etdirilməsi məqsədi ilə akkreditasiya olunmuşdur.

“BMJ Best Practice” həkimlərə diaqnostika və müalicə ilə bağlı qərarların verilməsində ən son məlumatları asanlıqla əldə etməyi təmin edən onlayn informasiya mənbəyidir. “BMJ Best Practice” istifadəçilərə müxtəlif xəstəliklərin diaqnostikası, proqnozu, müalicəsi və profilaktikası sahəsində sübutlu təbabətin prinsiplərinə əsaslanan araşdırmalar, təlimatlar və ekspert rəyi əsasında gündəlik olaraq yenilənən addımbaaddım təlimatlar təklif edir.

“BMJ Learning” onlayn təlim platforması həkimlərə öz biliklərini yoxlamaq və tibb sahəsindəki son yeniliklərdən xəbərdar olmaq imkanı yaradır. O, 70 ixtisas sahəsi üzrə sübutlara əsaslanan və 1000-ə yaxın resenziya olunmuş distant tibbi təlim kurslarını əhatə edir.

Bu resurslarda həmçinin rezidentlər, xəstəxana və ilkin səhiyyə xidməti həkimləri, tibb təşkilatları, tədqiqatçılar və tibb alimləri üçün nəzərdə tutulan nəşrlər mövcuddur. “BMJ” onlayn

jurnalında müxtəlif yoluxucu və qeyri-yoluxucu xəstəliklərin müalicə və diaqnostikası haqqında Azərbaycan, ingilis və rus dillərində daim yenilənən məlumatlar yerləşdirilib. Jurnalda 454 mövzu isə Azərbaycan dilinə tərcümə olunmuşdur.

Onu da qeyd edək ki, Agentliyin “BMJ”-nin Azərbaycan nümayəndəliyinin onlayn resurslardan istifadə qaydaları” ilə bağlı pilot ərazilərdə (Mingəçevir şəhəri, Yevlax və Ağdaş rayonları) təşkil etdiyi təlimlərdə 108 nəfər həkim iştirak etmişdir. Təlimlərdə “BMJ”-nin onlayn resursunda qeydiyyatdan keçmək üçün hər pilot bölgədən BMJ nümayəndəsi seçilmiş və həmin şəxsə resursa giriş kodu və parolu təqdim olunmuşdur.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...