"Dayanıqlı İnkişaf Məqsədlərində səhiyyə islahatları" TƏDBİR

Bu gün Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərində səhiyyə islahatları mövzusunda konfransı keçirilib. SİA-nın xəbərinə görə, konfransda ölkəmizdə rəsmi səfərdə olan ÜST direktoru d-r Tedros Adhanom Qebreyesus, səhiyyə naziri cənab Oqtay Şirəliyev, Dayanıqlı İnkişaf Məqsədləri üzrə Azərbaycanın Milli Əlaqələndirmə Şurasının üzvləri, habelə beynəlxalq təşkilatların nümayəndələri iştirak edib.

Qonağı salamlayan səhiyyə naziri Oqtay Şirəliyev geniş nitqlə çıxış edib: “Bu gün Azərbaycan səhiyyə ictimaiyyətinin əlamətdar günlərindən biridir. Ümumdünya Səhiyyə Assambleyasının 70-ci sessiyasında Baş direktor vəzifəsinə seçilmiş doktor Tedrosu sizə təqdim etmək mənim uçun böyük şərəfdir.

Çox hörmətli doktor Tedros, Sizin təşəbbüsünüzlə qəbul edilən qətnamələr, aparılan islahatlar hər bir insanın səhiyyə xidmətlərindən istifadə etmək imkanını artırmağa, səhiyyə sistemlərinin təkmilləşdirilməsinə, infeksion və qeyri-infeksion xəstəliklərlə mübarizəyə yönəldilib. Bu, az vaxtda gördüyünüz işlərin yalnız bir hissəsidir.

2015-ci ilin sentyabrında dünya liderləri insanları tərəqqiyə aparacaq hədəfləri – yeni Dayanıqlı İnkişaf Məqsədlərini qəbul ediblər. Bu məqsədlər aclığa son qoymaq, insan həyatını dəyişmək və planetimizi qorumaq üçün yeni inkişaf gündəliyinin təməlini qoyub.

“2030 Qlobal İnkişaf Gündəliyi” 15 il ərzində həyata keçirilmiş Minilliyin İnkişaf Məqsədləri (2000-2015-ci illər) əsasında yaradılmısdır. Həmin İnkişaf Məqsədləri nəticəsində, milyonlarla insanın həyat tərzi mühüm dərəcədə dəyişib. Minilliyin İnkişaf Məqsədləri yoxsulluğun azaldılması, keyfiyyətli içməli su mənbələrinə çıxışın təmin olunması, yoxsul təbəqənin həyat səviyyəsinin yaxşılaşdırılması, gender bərabərliyi kimi hədəflərə nail olub.

Son 25 il ərzində dünyada 5 yaşadək uşaq ölümü yarıya enmiş və qlobal səviyyədə ana ölümü nisbəti təqribən iki dəfə azalıb. Hazırda heç vaxt olmayan qədər insan immun çatışmazlığı virusu infeksiyasına qarşı antiretrovirus müalicəsinə cəlb edilir. Malyariyaya qarşı qəti mübarizənin genişlənməsi nəticəsində bu xəstəlikdən hər il 6 milyon ölüm halının qarşısı alınır.

Azərbaycanda da Minilliyin İnkişaf Məqsədlərinin tətbiqi dövründə ifrat yoxsulluq aradan qaldırılıb, mütləq yoxsulluq səviyyəsi 49 faizdən 5 faizə qədər azaldılıb, məktəblərə qeydiyyat dərəcəsi 99,8-100 faizə çatdırılıb, gender bərabərliyinin təşviqi və qadınların səlahiyyətlərinin artırılmasında tərəqqiyə nail olunub.

1000 yeni doğulan körpə arasında 5 yaşadək uşaq ölümü göstəricisi 28-dən 12,8-ə düşüb, ana ölümü əhəmiyyətli dərəcədə azalmış, yoluxucu və digər xəstəliklərə qarşı mübarizə gücləndirilib, o cümlədən malyariyanın qarşısı tamamilə alınıb. Ətraf mühitin mühafizəsi üçün qlobal tərəfdaşlıq üzrə mühüm irəliləyişlər əldə olunub.

Bu gün biz əminliklə deyə bilərik ki, Azərbaycan Respublikasının Prezidenti Zati- Aliləri cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan hökuməti ölkədə yoxsulluğun ləğvinə, əsas səhiyyə problemlərinin tam həllinə, sosial ədalətin təminatina nail olacaq.

Müsbət haldır ki, Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədləri üzrə milli planı Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən də dəstəklənibmişdir.

Bəşəriyyətin gələcəyi naminə Azərbaycan hökuməti bütün tərəfdaşlarla əməkdaşlıq edəcək və əminəm ki, biz qarşımızda duran bütün məqsədlərə nail olacağıq”.

Daha sonra çıxış edən Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus Azərbaycanda həyata keçirilən islahatlardan danışdıb və səhiyyə sahəsinə dəstəyini əsirgəməyəcəyini bildirib.

Tədbirin sonunda Ümumdünya Səhiyyə Təşkilatının Baş Direktoru Dr. Tedros Adhanom Gebreyesusun ölkəmizə səfəri ilə əlaqədar olaraq Azərbaycan Respublikası Hökuməti ilə Ümumdünya Səhiyyə Təşkilatı arasında Birgə Bəyanat qəbul edilib.

Səfər çərçivəsində qonağın Azərbaycan Respublikasının Prezidenti, habelə digər dövlət rəmiləri ilə, eləcə də beynəlxalq təşkilatlarla və səhiyyə ictimaiyyəti ilə görüşləri nəzərdə tutulmuşdur

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə