Səhiyyə Nazirliyində DST-nin baş direktoru ilə görüş olub

İyulun 5-də Dünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus Səhiyyə Nazirliyində olub. SİA verir ki, səhiyyə naziri Oqtay Şirəliyevlə görüşdə qonağa Azərbaycanda Prezident İlham Əliyevin səhiyyə sahəsinin inkişafına xüsusi diqqət göstərməsi və bunun məntiqi nəticəsi kimi tibb sahəsinin gündən-günə inkişaf etməsi barədə məlumat verilib. Nazir respublika ərazisində fəaliyyət göstərən tibb müəssisələrinin əksəriyyətinin müasir avadanlıqla təchiz edildiyini bildirib.

“Azərbaycanda infeksion xəstəliklər hazırda yox səviyyəsindədir. Artıq iki ildir ölkəmizdə malyariya xəstəliyinə rast gəlinmir. Göy öskürək və parazit xəstəlikləri demək olar ki, yoxdur. Bu, Azərbaycan səhiyyəsinin uğurudur. Biz həmişə Dünya Səhiyyə Təşkilatının tövsiyələrini dinləyir, qurumun dəstəyini hiss edirik”, - deyə nazir qeyd edib.

Baş direktor Tedros Adhanom Qebreyesus Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edib. O, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd edildiyi dövrə təsadüf edən görüşün onun üçün sevindirici olduğunu vurğulayıb. İcbari tibbi sığorta və onun tətbiqi haqqında danışan direktor Azərbaycanda icra edilən pilot layihələrdən xəbərdar olduğunu söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə