ÜST-nin baş direktoru Azərbaycana gəlib

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus “Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) icrası kontekstində səhiyyə islahatları” mövzusunda Milli Konfransda iştirak etmək üçün Azərbaycana gəlib. SİA-nın BMT-nin Azərbaycandakı Nümayəndəliyinə istinadən verdiyi xəbərə görə, 4-6 iyul tarixlərində Bakı şəhərində səfərdə olacaq qonaq ÜST-nin baş direktoru qismində ölkəyə ilk rəsmi səfəridir.

İyulun 5-də başlayacaq konfransda DİM-lərə milli səviyyədə nail olma və ölkənin DİM-lər üzrə qlobal hədəf və göstəriciləri öz milli prioritetləri və inkişaf gündəliyi ilə əlaqələndirilməsi yolları müzakirə ediləcək. Tədbirdə, həmçinin, DİM-lərin icrası prosesində artıq milli səhiyyə sektorunda əldə olunmuş bir sıra nailiyyətlərə diqqət yetiriləcək.

Bu tədbir 2018-ci ilin oktyabr ayında Bakı şəhərində keçirilməsi planlaşdırılan DİM-lər üzrə Yüksək Səviyyəli Konfransa hazırlıq xarakteri daşıyır.

Səfər çərçivəsində qonaq Azərbaycan prezidenti İlham Əliyevlə və Azərbaycanın digər yüksək vəzifəli rəsmi şəxsləri, o cümlədən Azərbaycan baş nazirinin müavini və Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədovla, səhiyyə naziri Oqtay Şirəliyevlə və xarici işlər naziri Elmar Məmmədyarovla görüşlər keçiriləcək.

Səfər müddətində baş direktor Ədliyyə Nazirliyinin İxtisaslaşdırılmış müalicə müəssisəsinin nəzdində Vərəm üzrə Təlim Mərkəzinə və Azərbaycanın Milli Onkologiya Mərkəzinə baş çəkəcək.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...