Hippokrat andına sadiq müqəddəs peşə sahibləri

Həkimlər Ulu Tanrının həqiqətən yerdə elçiləridir. Biz, zaman- zaman öz peşələrinin əsl mütəxəssisləri olan həkimlərlə rastlaşdıqda həmişə bu fikri təsdiqləyirik. Həmişə də onlara minnətdar olduğumuzu ürək dolusu deyirik. Bəli. Mən özüm də genekoloq-həkim olan və 48 il Ağdamda bu sahədə çalışan anam Yetər Qara qızı Hüseynovaya xəstələrin necə həmişə minnətdarlıq etdiyini görmüşəm. Onun şəfalı əllərinin xəstələrin böyük hörmətlə öpdüyünün də şahidi olmuşam. Hətta qardaşım Namik Hüseynovun həkim kimi Qarabağda böyük hörməti vardı. Uzun illər Ağdam Rayon Xəstəxanasında nevralogiya şöbəsinin müdiri işləmişdi. Ağdam işğal olunduğu vaxt 60-dan çox xəstəni ölümün pəncəsindən qurtarıb, Gəncə Şəhər Nevralogiya Xəstəxanasına gətirib təhvil vermişdi. Həmin xəstələrin valideyinləri, yaxın qohumları qardaşım Namik həkimə necə minnətdarlıq etdiyinin də şahidi olmuşdum. Əfsus ki, amansız əcəl Namikə imkan vermədi və o, 48 yaşında dünyasını dəyişdi. O, canından çox sevdiyi Ağdamın işğalı həsrətinə dözmədi. Başqa qardaşım Şikar Hüseynov və bacım Şəkər Hüseynova da uzun illərdir ki, xəstəxanada çalışırlar. Xəstələrin sağalması üçün əllərindən gələni edirlər. Mən, bu sənətə həmişə əlçatmaz, ülvi bir varlıq kimi baxmışam. Bir vaxtlar özüm də həkim olmaq istəmişəm. Tez ailə həyatı qurduğuma görə, əfsus ki, bu arzum reallaşmayıb. Amma jurnalist olduğuma görə həkilər, tibb işçiləri haqqında çoxlu yazılar yazmışam. Hər bir yazımda da bu peşənin ülviliyini, müqəddəsliyini təbliğ etmişəm. Çünki onlar təkcə məni yox, çoxlu qohumlarımı, dostlarımı, tanışlarımı da ölümün pəncəsindən alıblar. Onlara şəfa veriblər.

Bu yaxınlarda isə Sumqayıt şəhər Uşaq Xəstəxanasının cərrahı Yetkin Ziyəddin oğlu Əliyev mənim nəvəm Xədicə Xəlilzadəni çox çətin cərrahiyyə əməliyyatı elədi. Biz hamımız çox gərgin idik ki, cərrahiyyə necə keçəcək. Amma bizim gözlədiyimizin əksi oldu. Belə ki, Yetkin həkim nəvəmi çox yüksək səviyyədə, peşəkarcasına cərrahiyyə etdi və bizim nigarançılığımıza son qoydu.

Biz, xəstəxanada olanda hamı onun haqqında xoş sözlər deyirdi. Hamı da vurğulayırdı ki, Yetkin həkimin əli yüngüldür. Biz də bunun şahidi olduq. Ona görə də belə qərara gəldim ki, belə gözəl həkim və xeyirxah insanla oxucuları da yaxından tanış edim və bizim ailənin Yetkin həkimə də təşəkkürünü bildirim.

Yetkin Ziyəddin oğlu Əliyev 1970-ci ildə Sumaqyıt şəhərində anadan olub. Sumqayıt şəhər 23 nömrəli tam orta məktəbi bitirəndən sonra Azərbaycan Dövlət Tibb Universitetində təhsil alıb. Sonra da doğma şəhəri olan Sumqayıta işləməyə gəlib. 1995-ci ildən Sumqayıt şəhər Uşaq Xəstəxanasında cərrah kimi işə başlayıb. Artıq bu sahədə böyük təcrübəsi olan Yetkin həkim, həmişə öz üzərində işləyir. O, hətta Türkiyəyədə gedib, orada təhsil alıb və öz təcrübəsini artırıb. Orada tanınmış həkimlərdən çox şeyləri öyrənib. Hətta bir neçə dəfə dünya səviyyəli seminarlarda da iştirak edən Yetkin həkim, öyrəndiklərini gəlib öz işində tətbiq edib. Məhz buna görə bu gün öz uşaqlarını cərrahiyə etməkçün Yetkin həkimə müraciət edənlərin sayı həddindən artıq çoxdur. O, öz adı kimi işində və əməllərində də yetkindir. Həkim işlədiyi bu müddətdə hələ heç kim ondan narazı qalmayıb. Onun belə böyük peşəkar olduğunu görüb Yetkin Əliyevi 2006-cı ildən Sumqayıt Uşaq Xəstəxanasının cərrahiyyə şöbəsinə müdir təyin eləyiblər. O, bir şöbə müdiri kimi də bu müddətdə öz işinin öhdəsindən yaxşı gəlir. Cərrahiyyə şöbəsinə də savadlı həkimləri cəlb edib və onlar da Yetkin həkim kimi xəstələrin inamını, ümidlərini doğruldublar.

Mən öz ailəmiz və bütün xəstələrin valideyinləri adından Yetkin həkim başda olmaqla onun şöbəsində çalışan həkimlərə təşəkkürlərimizi bildiririk və deyirik: “Bir həkim bir aləm deməkdir. Qoy Ulu Tanrı həmişə sizə yar olsun. Siz Hippokrat andına sadiq olduğunuza görə həmişə seviləcək və həmişə də hörmətlə qarşlanacaqsınız. Bu xeyirxahlığınıza, insanlara dərin sevginizə görə də Böyük Yaradan həmişə sizi qoruyacaq”.

Azadə MƏHƏMMƏDQIZI

Jurnalist-publisist

Bütün xəbərlər Facebook səhifəmizdə