“Transplantasiya haqqında qanun yenidən hazırlanacaq"

Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” qanuna dəyişiklik layihəsi müzakirə olunub. SİA-nın xəbərinə görə, komitə sədri Əhliman Əmiraslanov və bəzi deputatlar layihədəki “ölü donor” termininin dəyişdirilməsini təklif ediblər. Layihə ilə bağlı əlavə təkliflər də səsləndirilib.

Dəyişikliklərin məqsədi beyin ölümü keçirən insandan donor kimi istifadə edilməsinə icazə verilməsidir.

Bununla ələqadar qanunun “Əsas anlayışlar” bölməsinə “ölü donor - ölü donor – beyin ölümü, ürək ölümü və ya bioloji ölüm meydana gəlmiş 1 yaşdan yuxarı şəxs” cümləsi əlavə olunub.

Bundan başqa, “Canlı donor - öz orqan və (və ya) toxumalarını xəstə şəxslərə köçürmək üçün könüllü olaraq verən fəaliyyət qabiliyyətli 18 yaşdan yuxarı sağlam şəxs” cümləsi də əlavə edilir.

Müzakirələrdən sonra dəyişiklik layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunmayıb. Deputatlar layihənin yenidən müzakirə olunmasını, irəli sürdükləri təkliflərin də layihəyə daxil edilməsini vacib sayıblar.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə