"Bu dəyişikliklər dövləti böyük yükdən azad edəcək"

“Bu gün Azərbaycanda orqan tranplantasiya əməliyyatından geniş istifadə edilməsi üçün şərait yaradılmasına ehtiyac var. "İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında" qanun layihəsinin ana məqsəd beyin ölümü zaman orqan transplantasiyası əməliyyatını genişləndirməkdir”. SİA-nın xəbərinə görə, bu fikirləri Milli Məclisin deputatı Rəşad Mahmudov parlamentin səhiyyə komitəsinin bu gün keçirilən iclasında deyib.

O bildirib ki, son 20 ildə Azərbaycanda beyin ölümü keçirən şəxsdən orqan transplantasiyası həyata keçirilməyib: “Əgər beyin ölübsə, bu adamın bütün orqanları fəaliyyət göstərsə belə həmin şəxs haqqında ölüm qərarı qəbul olunur. Lakin Azərbaycanda belə hallar zamanı orqan tranplantasiyası əməliyyatı həyata keçirilmir. Ölkəmizdə ildə qəzalarda ölənlərin sayı Qarabağ döyüşlərində həlak olanlardan çoxdur. Belə hallarda beyin ölümü hallarına az rast gəlinmir. Amma buna baxmayaraq ölkəmizdə beyin ölümü hallarında orqan köçürülmür”.

R. Mahmudov söyləyib ki, "İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında" qanun layihəsinin qəbul olunması dövlət büdcəsindən dializ xəstələrinə ayrılan vəsaitin dəfələrlə azalmasına səbəb ola bilər: “Bu gün Azərbaycanda böyrək xəstələri üçün dializ proqramı həftədə 3 dəfə pulsuz şəkildə dövlət hesabına həyata keçirilir. Xəstənin bir dəfə dializ proqramından istifadəsi 110 manata, bir 1 il üçün isə 25 min manata başa gəlir. Lakin bu qanunla biz dövləti böyük yükdən azad etməklə yanaşı, həmin vəsaitlərin digər sahələrə yönəldilməsinə imkan yaradacaq. Bu baxımdan qanun layihəinin qısa müddətdə qəbul olunması vacibdir”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə