Milli Məclisdə transplantasiya müzakirələri gedir

“Bu gün dünyada orqan və toxuma transplantasiyaya geniş vüsət alıb. İldə dünyada 300 min toxuma və orqan transplantasiyası həyata keçirilir ki, bunun 100 mini orqan, 200 mini toxuma transplantasiyasıdır”. SİA-nın xəbərinə görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov komitənin bu gün keçirilən iclasında "İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, Ümumdunya Səhiyyə Təşkilatının rəyinə görə, dünyada hər milyon insana 75 böyrək, 65 qaraciyər transplantasiyası həyata keçirilir.

Komitə sədrinin sözlərinə dünyada bu işin ən yaxşı həllini tapan ölkə ABŞ, Avropada isə İspaniya modelidir ki, daha çox bundan çox istifadə olunur: “ABŞ-da transplantasiyaya ehtiyacı olan əhalinin yarısı bu xidmətdən yararlanır. Rusiyada bu rəqəm 9, MDB-də daha azdır. ABŞ-da ildə 10 min böyrək, 4 min qaraciyər, 2 min ürək tranplantasiyası həyata keçirilsə də, buna ehtiyac iki dəfə çoxdur”.

Əhliman Əmiraslanov söyləyib ki, bir çox ölkələrdə insanlar transplantasiya əməliyyatını uzun müddət gözlədikləri üçün həyatını itirirlər: “Avropada orqan transplantasiya əməliyyatını gözləyənlərin müddəti 2-4 aydırsa, MDB-də 2-3 ildir. Belə olan halda, insanları bir çoxu həyatını dəyişir”.

Orqan tranplantasiyası ilə bağlı Azərbaycanda da problemlərin olduğunu deyən Ə. Əmiraslanov söyləyib ki, Azərbaycan əhalisinin 10 milyon olduğunu nəzərə alsaq, o zaman ölkəmizdə təxminən 1350-1400-ə yaxın böyrək və qaraciyər tranplantasiyası əməliyyatının həyata keçirilməsinə ehtiyacın olduğunu deyə bilərik.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə