Qəbizlikdən azad olmaq üçün dərhal dərmanlara əl atmayın. Əgər qəbizlik bir neçə gün ərzində davam edirsə, düzgün seçilmiş qidalar bağırsaqları yumşaldacaq və onların boşalmasını təmin edəcək.

Belə müalicəvi qidaların arasında:

- Yulaf yarması (gerkules) sıyığı. Yarmanı axşamdan isti suda isladın, səhər 1-2 dəqiqə ərzində vam odda bişirin (çox bişirmək olmaz) və yeyin. Effektliyini artırmaq üçün sıyığa kişmiş, ərik qurusu, qavalı əlavə edin. Meyvələri qabaqcadan isti suda isladın və sonra sıyığa əlavə edin.

- Arpa yarması sıyığı. Bu sıyıq da çox yaxşı effekt verir. Sıyığı çox bişirməyin, sıyıq "diri" qalmalıdır. Bu halda bağırsaqlara lazım olan effekt verəcək.

- Tərəvəz salatları (kələm, xiyar, pomidor, bibər, kök, soğan, göyərtilər). Tərəvəz salatları qidalı liflərlə zəngindir ki, bu liflər bağırsaqlarda şişir və bağırsaqların boşalmasını sürətləndirir. Salata 1 xörək qaşığı buğda kəpəyi (supermarketlərdə satılır) və bir qədər zeytun yağı əlavə etdikdə, salatın müalicəvi xüsusiyyətləri daha da artır.

- Meyvə salatları. Xüsusilə alma, kivi, ərik, qavalı kimi meyvələr yaxşıdır. Meyvələri xırda doğrayın və qarışdırın, bio-yoqurt əlavə edin.

- Qatıq + zeytun yağı. 1 stəkan otaq temperaturunda olan qatığa 1 x.q. zeytun yağı əlavə edin, qarışdırın və kiçik qurtumlarla için.

- Qarabaşaq sıyığı + qatıq. Qarabaşaq sıyığı bişirilir (çox bişirməyin, "diri" qalsın) və qatıqla qarışdırılır.

- 1 stəkan qatıq + 1 x.q. buğda kəpəyi. Qarışdırılır və ilıq halda içilir.

- Səhər tezdən acqarına otaq temperaturunda 1 stəkan su için. Dükanlarda butulkalarda satılan təmizlənmiş suya üstünlük verin. Su bağırsaqları "işə salmağa" kömək edir.

Qəbizlik zamanı ağrılar və s. xoşagəlməz simptomlar meydana çıxdıqda mütləq həkimə müraciət edin.

Bütün xəbərlər Facebook səhifəmizdə