Hansı tip öskürəklər hansı xəstəliklərin əlamətləridir?

Ağciyərlərin xaricdən gələn kimyəvi, mexaniki və ya temperatur fərqliliyi yaradan faktorlara qarşı yaranan bir refleksi olan öskürək, meydana gəlmə forması ilə müxtəlif mənalar daşıyır. Öskürəyi tənəffüs yollarına düşmüş yad maddələrə qarşı əmələ gələn, bədənin özünü müdafiə mexanizmi kimi qiymətləndirmək olar.

Bəs hansı tip öskürəklər hansı xəstəliklərin əlamətləridir?

Sağlam insan nəfəs borusunun “yad” olaraq qəbul etdiyi bəzi yəməkləri və maddələri bayıra atmaq üçün öskürür. Ətrafdan gələn bir tüstü qoxusu və ya kəskin bir yuyucu vasitənin qoxusu da öskürəyin səbəbi ola bilər. Bədənin müdafiə mexanizmləri arasında önəmli yer tutan öskürək nəfəs yollarında (traxeya və bronxlarda) əmələ gəlir və bəlğəmin bayıra atılmasını təmin edir.

Bu təbii mexanizmlərdən başqa bəzi xəstəliklərin “xəbərçisi” (ilkin əlaməti) olan öskürək, uzun müddət davam etdikdə insanın əmək qabiliyyətini aşağı salır. Öskürək hava-damcı yolu ilə bəzi infeksion faktorların digər şəxslərə yayılmasına yol açır (məsələn: vərəm, sətəlcəm-pnevmoniya və s.).

Ani olaraq yaranan öskürəklər astmatik krizin başlamasını ifadə edə bilər.

Öskürək sadəcə ağciyərlərdən deyil, qulaq zarı-pərdəsi, burun, sinuslar, ağciyər zarı, mədə və diafraqmadan da başlaya bilər. Sinusit, bronxit, laringit, uşaqlarda çox tez-tez rast gəlinən bronxiolit, soyuğa həssaslıq, çoxlu siqaretçəkmə, tozcuqlar və ev tozları ən çox öskürək yaradan xəstəlik və faktorlardır. Öskürəyin şəkli, sıxlığı, inkişafı ciddi təqib edilməlidir.

Öskürəyin tipləri və səbəbləri

- Quru öskürək - əgər insan zəiflik, halsızlıq və quru öskürəkdən şikayət edirsə, bu bizə bəsit yuxarı tənəffüs yolu infeksiyasını xatırladır. Əgər əlamətlər uzun müddət (2-4 həftədən artıq) davam ədirsə, digər xəstəliklər haqqında düşünmək olar.

- Bəlğəmli öksürək - öskürək bəlğəmli və tez-tez olursa, buna hərarət də qoşulmuşsa, sətəlcəmin (pnevmoniya) əlaməti ola bilər. Öskürdükdən sonra bayıra çıxarılan sekretin (bəlğəmin) rəngi xəstəliyi dəyərləndirməkdə həkimə böyük kömək edir. Bəlğəmin rəngi ağ rəngdən sarı və yaşıla çevrilirsə, bu xəstəliyin ağırlaşmasından xəbər verir. Qanlı bəlğəmdə isə hər şeydən əvvəl ağciyər xərçəngi və gecikmiş vərəm ağla gəlməlidir.

Öskürək refleksi gedişinə görə kəskin və xronik olmaqla 2 qrupa bölünür:

- Kəskin öskürək. Əgər öskürək qəflətən baş verirsə uşaqlarda infeksiya və yad cismin nəfəs yoluna düşməsi haqqında fikirləşmək lazımdır. Böyüklərdə isə zərərli kimyəvi qazların tənəffüs yollarını qıcıqlandırması düşünülür.

- Xronik öskürək. Xronik, yəni uzunmüddətli (3 aydan uzun sürən) öskürək uşaqlarda astma, mukovissidoz (cystic fibrozis) adlı genetik xarakter daşıyan xəstəliklər zamanı rast gəlinir.

Yaşlılarda isə xroniki öskürək bəlğəmin ifrazı ilə müşayiət olunursa, bu halda astma, xroniki bronxit, xərçəng, vərəm, ürək çatışmazlığından şübhələnmək olar. Xroniki bəlğəmsiz öskürəyin səbəbləri bunlardır: sinusitlər, astma, qida borusu reflüksü və bəzi təzyiq dərmanlarının əlavə təsirləri.

Uzun müddət ərzində davam edən öskürək psixoloji də ola bilər. Bu öskürək narahatlıqla bağlı olaraq ortaya çıxa bildiyi kimi, həyəcanlandıqda və əsəbləşdikdə də ortaya çıxa bilir.

Uşaq yaşlarında öskürək. Uşaqlarda öskürək diqqət çəkmək istəyi ilə əlaqədar ola bilər.

Uşaqlarda göyöskürək xəstəliyində meydana çıxan öskürək ani, təkrarlanan və çox güclü olur. Tək bir nəfəsdə otuza qədər olan və nəfəsalmaya imkan verməyən təkrar tutmalar olur. Bu səbəbdən xəstə uşaq boğulmağa başlayır və göyərir. Belə kriz tutmaları gün ərzində 15-20 dəfə təkrarlana bilər. Bəzən belə tutmalar qusma ilə sona çatır. Qusma ilə bitən digər öskürək tipləri isə burun axıntısı ilə bağlı olan öskürəklərdir.

Astma öskürəyi. Öskürəyin gecə yuxudan oyandırıb-oyandırmadığı, həm uşaqlarda həm də böyüklərdə astma xəstəliyinin təqib və müalicəsində çox önəmli bir göstəricidir. Əgər xəstə səhər erkən saatlarda səbəbsiz və ya quru öskürəklə oyanırsa, bu astma xəstəliyindən xəbər verə bilər və ya müalicə edilməkdə olan astma dərmanlarının dozalanmasının kifayət qədər olmadığının göstəricisidir. Belə xəstələrdə gün ərzində edilən müayinə nəticələri və tənəffüs testləri normal olur. Gecələr isə nəfəs yolları daralmış olur, yataqda olduqda burun axıntısı artır və səhər ayıldıqda ağciyərlərə yığılmış bəlğəmi xaric etmək üçün öskürək tutmaları qeyd edilir.

Reflüks öskürəyi. Reflüks xəstəliyi olan insanlarda gecələr uzanmış vəziyyətdə mədə şirəsi geriyə axır və nəfəs borusuna və səs tellərinə düşür. Belə vəziyyətdə quru və şiddətli öskürək yaranır. Buna görə də reflüksü olan xəstələrə hündür yastıqda yatmaq məsləhət görülür.

Yemək borusu xəstəlikləri zamanı yaranan öskürək. Yemək yeyərkən yaranan öskürək, udma aktının (refleksinin) pozulması olan yaşlı və ya beyin fəaliyyəti pozulmuş insanlarda (məsələn, beyin iflici keçirmişlərdə) və ya yenidoğulmuş uşaqlarda anadangəlmə olan yemək borusu ilə nəfəs yolları arasında əlaqənin olması ilə bağlıdır. Yeməkdən sonra yaranan öskürəklər reflüks, mədə yırtığınının əlaməti ola bilər.

Siqaret öskürəyi. Siqaret öskürəyi çox tipik bir öskürəkdir. İlk əvvəl quru başlayan və illər sonra siqaretin bronxlarda yaratdığı təbəqə (qat) ilə əlaqədar bol ifrazatlı, adət etdiyimiz şəklə düşür və adətən səhər vaxtlarında bəlğəm ifrazı ilə müşayiət olunur. Belə öskürək təkrarlanan olur və bəlğəm bayıra atıldıqda insan rahat nəfəs alır. Siqaret çəkənlərdə qeyd edilən öskürək mütləq araşdırılmalıdır (ağciyər xərçəngi, bronx xərçəngi, səs tellərinin xərçəngi olma riski yüksəkdir). Bəlğəmdəki qan, yeni yaranan və dərinləşən səs batması (səsdə xırıltılar) xərçəngin əlamətləri ola bilər.

Siqaret çəkən insanlar ardıcıl olaraq iki ildə 3 aydan çox bəlğəmli öskürüb bəlğəm ifraz edirlərsə, buna XOAX (xroniki obstruktiv ağciyər xəstəliyi) deyilir. XOAX həyat keyfiyyətini (fəaliyyətini) aşağı salan bir xəstəlikdir.

Öskürəyin müalicəsi çox zaman sadə olur. Lakin bəzən xəstəlik dərinləşir və ağırlaşır, antibiotik müalicəsi lazım gəlir.

Astma ilə əlaqəli öskürək antibiotik müalicəsinə cavab vermir. Bu xəstələrdə inhalyasiya və antiallergik dərmanlar təyin edilir.

Allergiyalı insanların dörddə birində reflüks xəstəliyinin olması mümkündür. Belə vəziyyətlərdə mütləq endoskopiya edilməli və antiasid preparatlar təyin edilməlidir.

Reflüksü olan və müalicəyə baxmayaraq gecə öskürəyi olan xəstələrə axşam az qida qəbul etmək və yeməkdən ən azı 4 saat sonra yatmaq məsləhət görülür. Belə xəstələr mütləq hündür yastıqda yatmalıdır.

Ürək çatışmazlığı ilə əlaqəli müalicə alan xəstələrdə gecə öskürəyi hələ də varsa, mütləq həkimə müraciət edilməlidir. Bu öskürək müalicənin yetərli olmadığını və ya xəstəliyin ağırlaşdığından xəbər verir.

Bütün xəbərlər Facebook səhifəmizdə