Alpinistlərlə bağlı xüsusi komissiya yaradılıb

Meyitləri tapılan alpinistlərlə bağlı Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində xüsusi komissiya yaradılıb. Bu barədə SİA-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova məlumat verib.

Onun sözlərinə görə, komissiyaya Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Quba rayon şöbəsinin rəisi Çingiz İsgəndərov rəhbərlik edir, komissiyanın üzvləri isə Xaçmaz rayon Məhkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rəisi Gündüz Tanrıverdiyev və Siyəzən rayon Məhkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rəisi Nizami Qasımovdur.

S.Əhmədova deyib ki, tapılan alpinistlərin meyiti Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Quba rayon şöbəsinə gətirilib, gecə müayinə edilib. Müayinələr başa çatdıqdan sonra meyitlər bu gün ailələrə təhvil verilib. Namin Nizami oğlu Bünyatzadənin meyiti Şəmkir rayonuna, Fəridə Zəbiyulla qızı Cəbrayılzadənin meyiti Masallı rayonuna aparılıb, Babur Vaqif oğlu Hüseynovun meyiti isə Bakıya gətirilir".

O qeyd edib ki, müayinələrin nəticələrinə uyğun olaraq müvafiq rəy tərtib olunacaq: "Bu rəy də Quba rayon prokurorluğuna təqdim ediləcək".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə