Suraxanı rayonunda əhalinin 87,4%-i tibbi müayinədən keçib

Azərbaycan Respublikasının Prezidenti Əliyevin 2018-ci il fevralın 10-dan mayın 12-dək bütün ölkə vətəndaşlarının pulsuz tibbi müayinədən keçirilməsi ilə bağlı tapşırığı rayonda böyük ruh yüksəkliyi ilə icra olunub. Rayon icra hakimiyyəti başçısının sərəncamı ilə tibbi müayinənin yüksək səviyyədə, operativ surətdə təşkil edilməsi məqsədi ilə rayon icra hakimiyyətində komissiya yaradılıb, rayon ərazisində yerləşən müəssisə və idarələrin kollektivlərinin tibbi müayinədən keçmə qrafiki tərtib olunub. Rayon ərazisində fəliyyət göstərən 4 xəstəxanada, 4 poliklinikada və 1 ambulatoriyada əhalinin pulsuz tibbi müayinəsi keçirilib.

Əhalinin tibbi müayinəsini mütəşəkkil surətdə təşkil etmək məqsədi ilə müayinə aparılan dövrdə rayon icra hakimiyyəti başçısının inzibati-ərazi dairəsi üzrə nümayəndəlikləri, qəsəbə bələdiyyələri, rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin əməkdaşları əhali arasında planlı formada maarifləndirici tədbirlər aparıb. Görülən işlərin nəticəsi olaraq, rayon əhalisinin tibbi müayinəsi uğurla başa çatıb. Suraxanı rayonu üzrə 180 min 117 nəfər (18 yaşdan yuxarı) sakinin və rayonda məskunlaşan 14 min 492 nəfər (18 yaşdan yuxarı) məcburi köçkünün tibbi müayinədən keçirilməsi nəzərdə tutulmuşdu. Hər bir vətəndaş yaşadığı əraziyə yaxın olan tibb müəssisələrində müayinə olunub. Tibbi müayinə dövründə Suraxanı rayonu üzrə 157 min 409 nəfər və 136 müəssisənin kollektivi tibbi müayinədən keçib. Onlardan 3 min 370 nəfərində müxtəlif xəstəliklər aşkarlanıb, 118 nəfər stasionar müalicəyə cəlb edilib, 259 nəfər təkrar müayinə və müalicə olunmaq üçün paytaxtın müxtəlif xəstəxanalarına göndərilib.

Tibbi müayinənin keçirildiyi dövrdə səhiyyə müəssisələrində işləyən həkimlərdən ibarət səyyar briqadalar fəaliyyət göstərib. Bu briqadalar məktəblərdə, uşaq bağçalarında və poliklinikaya gələ bilməyən yaşlı insanlara evlərində tibbi xidmət göstərib, akara çıxarılan xəstəliklər üzrə müalicə kursları təyin edilib.

Aparılan araşdırmalar, deməyə əsas verir ki, tibbi müayinədən rayon əhalisi çox razı qalıb. Sakinlərdən Şəfa Cəfərova, Novruz Xamzəliyev qeyd edib ki, bu tədbirin həyata keçirilməsi Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Azərbaycan vətəndaşlarına

göstərdiyi diqqət və qayğının nəticəsidir. Rayon sakinləri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri Cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

ZÜMRÜD

Bütün xəbərlər Facebook səhifəmizdə