Hamiləlik və şəkərli diabet...

1-ci tip şəkərli diabeti (insulindən asılı) olan qadınlarda hamiləlik dövrü xeyli sayda ciddi fəsadlarla keçə bilər: hamilə qadının böyrəklərinin, gözlərinin zədələnməsi, hamiləliyin öz-özünə pozulması, dölün ana bətnində olarkən məhv olması, dölyanı suların çox olması, dölün inkişaf qüsurları, hestoz (arterial təzyiqin yüksəlməsi, bədəndə şişkinliklərin yaranması, sidikdə normadan artıq miqdarda zülalın olması kimi əlamətlərlə müşayiət olunan hamiləlik patologiyasıdır), eklampsiya (huşun itirilməsi ilə müşayiət olunan qıcolma tutmaları).

Doğulan körpələrin ölçülərinin böyük olması (çəkisi 4500 qramdan artıq, boyu 55-60 sm) əsasən piy toxuması hesabına olur. Dölün ölçülərinin böyük olması əksər hallarda doğuşun ağır keçməsi ilə müşayiət olunaraq ananın və uşağın travmatik zədələnməsi ilə nəticələnir. Şəkərli diabeti olan qadınlarda bir çox hallarda doğuşun cərrahi yolla icra olunmasına (keysəriyyə əməliyyatı) tələbat yaranır.

1-ci tip şəkərli diabeti olan qadınların bir çoxunda hamiləlik və doğuşu müvəffəqiyyətlə başa çatdırmaq mümkün olmur. Ona görə də belə xəstəliyi olan hər bir qadın hamiləliyə qədər mütləq həkim endokrinoloqla məsləhətləşməlidir. Həkim hamiləliyin mümkün olmasına əmin olaraq buna icazə verdiyi halda, qadın bütün hamiləlik boyu mütləq həm həkim-ginekoloqun, həm də həkim-endokrinoloqun nəzarəti altında olmalıdır.

2-ci tip (insulindən asılı olmayan) şəkərli diabeti olan qadınlarda hamiləliyin gedişi və doğuş nisbətən az sayda fəsadlarla nəticələnə bilər. Ancaq bunun üçün qadın bütün hamiləlik boyu mütləq həkim-endokrinoloqun nəzarəti altında olmalıdır.

Şəkərli diabetin formalarından biri də məhz hamiləlik zamanı qadında inkişaf edən şəkərli diabetdir. Şəkərli diabetin bu forması hamiləlik zamanı inkişaf edir və hamiləlik başa çatdıqdan sonra tez bir zamanda keçib gedir. Diabetin bu formasını yaxın qohumlarında şəkərli diabet olan kök qadınlar “əldə edə bilərlər”. Hamilədə olan bu şəkərli diabet doğuşdan sonra 2-12 həftə ərzində keçib gedir. Bəzi hallarda sonrakı 10-20 il ərzində belə qadınlarda şəkərli diabet xroniki xəstəlik kimi inkişaf edir. Bu cür şəkərli diabeti olan qadınlarda hamiləliyin gedişi - 2-ci tip şəkərli diabeti olan qadınlarda olduğu kimi keçir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...