Aprelin 7-si Ümumdünya Sağlamlıq Günüdür

1948-ci il aprelin 7-də Dünya Səhiyyə Təşkilatının yaranması Ümumdünya Sağlamlıq Günü kimi qeyd edilir. O vaxtdan bəri dünyanın 194 ölkəsi təşkilata üzv qəbul olunub. SİA xəbər verir ki, 1950-ci ildən başlayaraq hər il aprelin 7-si Ümumdünya Sağlamlıq Günü ənənəvi olaraq qeyd edilir. Həmin gün ictimaiyyətin diqqəti Dünya Səhiyyə Təşkilatının prioritet hesab etdiyi sağlamlığa aid qlobal miqyasda vacib əhəmiyyət kəsb edən bir mövzuya həsr olunur və müxtəlif şüarlar altında keçirilir: "Fəallıq uzun ömür yaşamağa aparan yoldur", "Hamiləlik həyatda xüsusi hadisədir. Onu təhlükəsiz edək", " Sağlamlığı iqlim dəyişikliklərindən qoruyaq", "1000 şəhər – 1000 həyat" və s.

Qeyd edək ki, 2014- cü ildə həmin gün “Kiçik sancma böyük təhlükə mənbəyidir”, 2015-ci ildə ”Qida məhsullarının təhlükəsizliyi”, 2016-cı ildə “Diabetə qalib gələk” şüarları altında keçirilib. Keçən ilin şüarı isə "Depressiya: gəlin danışaq" olub.

Builki Sağlamlıq Günü "Hamı üçün sağlamlıq" şüarı altında keçirilir. Yaranmasının 70-ci ilində Dünya Səhiyyə Təşkilatı dünya dövlətlərini və onların liderlərini insanların sağlamlığının möhkəmləndirilməsi və keyfiyyətli səhiyyə xidməti ilə təmin edilməsi üçün maliyyə problemi ilə üzləşməməsi üçün konkret tədbirlər görməyə çağırıb. Ümumdünya Sağlamlıq Günü sağlamlığın və səhiyyənin problemlərinə yönələn və planetin hər bir sakininin sağlamlığın qorunması və əmin-amanlığının təmin edilməsi üçün birgə fəaliyyət göstərməyə xidmət edən tədbirdir.

Bütün xəbərlər Facebook səhifəmizdə