Həkim: Gündə azı 20 dəqiqə piyada gəzmək ürəyi sağlamlaşdırır

Hazırda ürək-damar xəstəlikləri (ÜDX) dünyada ölüm hallarının ən geniş yayılmış səbəbidir. Özü bu, elmi-texniki tərəqqinin sürətlənməsinə, tibb texnikasının təkmilləşdirilməsinə, ixtisaslı tibb işçilərinin sayının artmasına, habelə yüksək keyfiyyətli dərman vasitələrinin yaradılmasına baxmayaraq baş verir. Ürək-damar xəstəlikləri ürək və onun ətrafındakı qan damarları ilə bağlıdır. Miokard infarktı və stenokardiya vaxtsız ölüm hallarının ən çox təsadüf edilən səbəblərindəndir. Özü də ürəyin sağlamlığı vərdişlərdən və həyat tərzindən asılıdır. Yüksək qan təzyiqi, qanda xolesterinin və şəkərin səviyyəsinin yüksək olması, siqaretçəkmə, alkoqol düşkünlüyü, artıq çəki, habelə psixoemosional stress və gərgin iş ÜDX riskinin başlıca amilləridir. Hazırda dünyanın bir çox qabaqcıl ölkələrində yaşı 40-dan çox olan, amma sağlamlığından şikayət etməyən adamlar ildə bir dəfə “ürək check-upı” proqramı üzrə müayinə olunurlar. Bu sözləri Mərkəzi Neftçilər Xəstəxanasının kardioloqu Saleh Hüseynov AZƏRTAC-a məxsusi müsahibəsində söyləyib.

S.Hüseynov intervension kardioloq ixtisası haqqında məlumat verərək deyib: “Tibbin yeni sahəsi olan intervension kardiologiya özündə bu elmin əsas istiqamətləri ilə bərabər, kardiocərrahlığı və rentgenologiyanı birləşdirir. Bu sahə ÜDX-nin diaqnostikasına və bu xəstəliklərin kateterin dəri qatından yeridilməsi vasitəsilə müalicəsinə əsaslanır. Bu metodun köməyi ilə təkcə ürək nahiyəsində deyil, həm də baş beyin nahiyəsində qan dövranının vəziyyətini dəqiq müəyyənləşdirmək olar. Sirr deyil ki, insan orqanizminin bu iki orqanı ən mühüm orqanlardır. Buna görə də onların düzgün müayinəsi və müalicəsi bütün orqanizmin normal fəaliyyətinin qarantıdır. İntervension kardiologiya koronar angioqrafiya kimi diaqnostika metodunun köməyi ilə bu və ya digər xəstəlik barədə həkimlərə dəqiq məlumat verir. Bu məlumatlar sayəsində həkimlər həqiqətən səmərəli olan müalicə yolu seçməkdə çətinlik çəkmirlər”.

Ekspert ürək-damar sisteminin normallaşması və möhkəmlənməsi vasitələri haqqında da tövsiyələrini bölüşərək deyib: “Təəssüf ki, adamların çoxu ürək kimi mühüm orqanın qayğısına yalnız xəstələnəndə qalmağa başlayır. Qeyd edim ki, tosqun adamlar ürək xəstəliklərindən çəkisi normal olanlardan daha çox əziyyət çəkirlər. Axı artıq çəki ürəyi daha intensiv işləməyə məcbur edir. Ürəyin həmişə sağlam olması üçün ÜDX-nin profilaktikası aparılmalıdır. Əvvəlcə qidalanmaya ciddi nəzarət etmək, pəhriz saxlamaq lazımdır. Rasion meyvə-tərəvəz, balıq, dəniz məhsulları, göyərti, qoz-fındıq, ağartı, qınlı paxlalı bitkilər, çovdar çörəyi və zeytun yağı ilə zəngin olmalıdır. Çəkinizə nəzarət edin və çox yeməyin. Bundan əlavə, onurğa sütununuzu möhkəmləndirin. Axı bütün orqanlar mərkəzi sinir sistemi ilə sıx bağlıdır. Məsələn, onurğa xəstəlikləri sinir impulslarının keçiriciliyinin pozulmasına və qan dövranında problemlərin yaranmasına gətirib çıxarır. Nəticədə ürəyə lazımi miqdarda oksigen daxil olmur və ürək xəstəlikləri riski artır. Ürəyin məşq etdirilməsi (kardioməşq) də onu möhkəmləndirir, gərginliyə adaptasiyasını yaxşılaşdırır. Hər gün idmanla məşğul olmaq, səhər gimnastikası ürəyi çox yaxşı məşq etdirir. Orqanizmimizin normal fəaliyyət göstərməsi üçün hər gün piyada gəzmək lazımdır. Əgər biz oturaq həyat tərzi keçiririksə, orqanizmimizdə bütün mühüm proseslər, o cümlədən maddələr mübadiləsi yavaşıyır, immun sistemimiz zəifləyir. Müxtəlif xroniki xəstəliklər - piylənmə, şəkərli diabet və insult məhz buna görə inkişaf etməyə başlayır. Gündə azı 20 dəqiqə təmiz havada piyada gəzmək (yaxşı olar, park zonasında) ürəyin müntəzəm məşqlərə uyğunlaşmasına kömək edir. Qeyd etmək istəyirəm ki, möhkəm cansağlığının təməlində həyat eşqi dayanır. Axı psixoloji aspektlər ömür müddətinə və firavanlığa təsir göstərən əsas amillərdir. ÜDX-dən əziyyət çəkənlərin vəziyyətini yaxşılaşdırmaq üçün, sadəcə, sağlam gülüşə ehtiyac var. İnsan güləndə sinir və ürək-damar sistemlərinin, tənəffüs yollarının fəaliyyəti, hormonal durumu yaxşılaşır. Bir çox tədqiqatlar nəticəsində sübuta yetirilib ki, gülüş orqanizmdə stresslə bağlı hormonların səviyyəsini azaldır. Axırda demək istəyirəm ki, sonradan peşman olmaq istəmirsinizsə, səhhətinizin qayğısına qalın. Özünüzü pis hiss edirsinizsə, təxirə salmadan həkimə müraciət edin”.

Bütün xəbərlər Facebook səhifəmizdə