XƏBƏRDARLIQ: Kiçik qurdun böyük fəsadları...

Ağızda sulanma, üzdə və bədəndə allergik səpgilər askaridozdan xəbər verir. Müasir dövrdə insanların tez-tez qarşılaşdığı xəstəliklərdən biri də qurd xəstəlikləridir. Xəstəliyə daha çox azyaşlılar arasında rast gəlinsə də, böyüklər arasında da bu mərəz geniş yayılmaqdadır. Səhiyyə Nazirliyinin 113 xidmətində həkim-infeksionist ixtisası üzrə bölgələr üzrə ağır xəstələrin konsultasiyasını aparan infeksionist, parazitoloq Vüqar Cavadzadə parazit qurd hesab edilən askaridin törətdiyi xəstəlik – askaridoz barədə məlumat verir.

Xəstəlik ilkin olaraq hansı əlamətlərlə müşahidə edilir?

- Askaridoz -ümumi intoksikasiya, ağızda sulanma, xəstələrin yuxuda olarkən dişlərini bir-birinə sürtməsi, üzdə və bədəndə allergik səpgilər, mədə-bağırsaq və digər orqanlarda patoloji pozğunluqlar ilə müşahidə edinən parazitar xəstəlikdir.Parazit qurd hesab edilən askaridin törətdiyi xəstəlik askaridoz adlanır.Askarid uzunluğu 20-40 sm ölçüdə olan, böyüklər və uşaqlar arasında geniş yayılan yumru qurddur. Askarid qurdu nazik bağırsaqda parazitlik edərək, yumurtalarını nəcis vastəsilə xarici mühitə yayır. Gün ərzində dişi askarid təxminən 240 minə yaxın yumurta qoyur. İnsanlar xəstəliyə əsasən ilin isti aylarında qida məhsulları, meyvə-tərəvəz və su vastəsilə yoluxurlar. Böyüklərə nisbətən uşaqlar 2 dəfə çox askaridoza yoluxur. Qida maddələri, meyvə-tərəvəz və su vasitəsilə askarida yumurtaları sağlam insanların həzm traktına düşərək sürfələrə çevrilib, sürfələr qapı venası vasitəsi ilə qaraciyərə, ürəyə, ağ ciyərlərə sonra isə bronxiollara düşərək, bronxlara keçib udlağa doğru hərəkət edirlər. Xəstə yuxuda olarkən sürfələr udularaq, yenidən bağırsaqlara düşüb yetkin parazitə çevrilirlər. Yaşlı askarid insanın bağırsaqlarında təxminən 1 ilə yaxın yaşayaraq müxtəlif patoloji proseslərin inkişafına səbəb olur. İlk əvvəllər xəstələrdə halsızlıq, yorğunluq, baş ağrısı, tərləmə, yuxusuzluq, əsəbilik müşahidə edilir. Daha sonra xəstələrdə əzələ-oynaq ağrıları, dəri qaşınması, üzdə və bədəndə allergik səpgilər, quru, əziyyətli öskürək rast gəlinir. Ağır hallarda xəstələrdə ikincili infeksiyanın qoşulması nəticəsində irinli bəlğəm ifrazı, nadir hallarda isə bəlğəmdə qan izləri aşkar edilir. Əksər xəstələrdə mədə-bağırsaq pozğunluğu (ürəkbulanma, qusma, qəbizlik və s.) əsas yer tutur. Bəzən xəstələr qusma zamanı qurdu xaric edirlər. Nadir hallarda xəstələrdə yuxuda olarkən qurdun burundan düşməsi də müşahidə edilir. Xəstələrdə bu əlamətlərlə yanaşı ürək nahiyyəsində ağrılır, ürək döyünmə, arterial təzyiqin düşməsi, anemiya (qan azlığı) əlamətləri aşkar edilir. Xroniki formaya keçdikdə askaridoza məxsus çox saylı əlamətlər özünü zəif biruzə verir. Uşaqlarda askaridoz zamanı iştahasızlıq, əqli inkişafın ləngiməsi, yaddaşın zəifləməsi, bəzən epilepsiyabənzər tutmalar, çəkinin getdikcə azalması, əsəbilik, ətrafdakı insanlara qarşı aqressiya, yuxusuzluq, ağızın sulanması, yuxuda dişlərinin bir-birinə sürtməsi, qəbizlik, quru öskürək, dəri səpgiləri və digər bu kimi əlamətlərlə özünü biruzə verir.

Askaridozun orqanizm üçün nə kimi fəsadları ola bilər?
Askarid öd yollarına daxil olduqda xolangit (öd yollarının iltihabı),xolesestit (öd kisəsinin iltihabı),hepatit (qara ciyərin iltihabı),pankreatit (mədəaltı vəzinin iltihabı), kolit(yoğun bağırsağın iltihabı), bağırsaq keçməməzliyi, bağırsaq deşilməsi, qəbizlik fonunda babasilin inkişafı və kəskinləşməsi, asfeksiya (boğulma) və s. kimi ağırlaşmalarla nəticələnə bilər.

Xəstəliyin diaqnozu və müalicəsi hansı formada həyata keçirilir?
Askaridozun əsas diaqnozu nəcisdə askarid yumurtalarının tapılmasına əsasən qoyulur. Xəstəliyin müalicəsində müxtəlif müalicə üsulları tətbiq edilsə də medikamentoz (dərman) müalicə ilə müdaxilə daha məqsədəuyğun hesab olunur. Askaridozun müalicəsində hal-hazırda çoxsaylı dərman preparatlarından (Albendazol, Mebendazol, Dekaris və s.) istifadə edilir. Dərman preparatları təyin edərkən mütləq xəstənin yaşı, bədən çəkisi, xəstənin cinsi, yanaşı gedən xəstəliklər nəzərə alınmalıdır.

Bütün xəstəliklərin profilaktikası üçün əsas şərt sayılan gigiyenik qaydalara riayət olunması çox güman ki, askaridozun müalicəsi üçün də keçərlidir?

Təbii ki, şəxsi gigiyena qaydalarına mütəmadi riayət edilməlidir. Əsas profilaktik tədbirlərə əllərin təmiz saxlanması, meyvə-tərəvəzlərin istifadəsindən əvvəl təmiz yuyulması, uşaqların torpaqla təmasının məhdudlaşdırılması, uşaq bağçalarında və məktəblərdə mütəmadi olaraq qurdlara görə müayinələrin aparılmasından ibarətdir.

Bütün xəbərlər Facebook səhifəmizdə