“Tibbi maarifləndirmə” proqramında - “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması"

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun "Tibbi maarifləndirmə" proqramı çərçivəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) həkim-mütəxəssisi Afət Məmmədovanın Binəqədi Gənclər Evində tibbi maarifləndirici mühazirəsi təşkil olunub. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Mətbuat Xidmətindən SİA-ya verilən məlumata görə, 18 nömrəli Bakı Peşə Liseyi və Bakı Humanitar Kollecinin bir qrup tələbə qızlarının iştirakı ilə “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması: mövcud problemlər və onların həlli” mövzusunda keçirilmiş tədbiri giriş sözü ilə Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sevinc Süleymanova açıb.

Bilik Fondunun Beynəlxalq layihələr sektorunun məsləhətçisi Aytən Xubanova Fondun İSİM-lə birgə gördüyü işlər barədə tələbələrə geniş məlumat verib.

Həkim-mütəxəssis A.Məmmədova mühazirəsində reproduktiv sağlamlığın, reproduktiv sistem və onun funksiyaları daxil olmaqla, insanın tam fiziki, əqli və sosial rifah halı olduğunu vurğulayıb.

Mütəxəssis cinsi yolla yoluxan infeksiyaların əlamətlərindən, onların ötürülmə yollarından, ailə planlaşdırılması və onun üsullarından bəhs edib. O, tələbə qızlara müasir kontraseptivlər barədə, arzuolunmaz hamiləlikdən qorunma üsulları və eləcə də abortların qadın sağlamlığına mənfi təsiri haqında geniş məlumat verib.

İSİM-in həkim mütəxəssisi tədbirin sonunda iştirakçıların çoxsaylı suallarını ətraflı cavablandırıb və onlara maarifləndirici materiallar paylanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə