Elxan Əzizov: "Məhdudiyyətləri aradan qaldırmalıyıq"

“Biz bəlkə də transplantasiya üçün orqanların alqı-satqısı ilə bağlı qanundakı məhdudiyyəti götürsək, yaxşı olar. Bu qanunda krimimal əməl kimi saxlanılıb. Biz bəlkə də buna icazə verməliyik”. SİA-nın məlumatına görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin iclasında Səhiyyə Nazirliyinin Hüquq və daxili nəzarət sektorunun müdiri Elxan Əzizov “İnsan orqan və toxumalarının transplantasiyası haqqında” qanunun təkmilləşdirilməsinə dair keçirilən dinləmələrdə deyib.

Nazirlik rəsmisi qeyd edib ki, bu gün vacib məsələlərdən biri donorların xəstənin qohumunun olmasıdır: “Qanunda qohumluq məsələsi yoxdur. Vətəndaşlar klinikalara gedirlər, donor qohum olmayanda klinikalar imtina edir. Bu halda Səhiyyə Nazirliyinə müraciət olunur. Elə insanlar var ki, qohumları donor olmaq istəmir. Biz bəlkə də orqanların alqı-satqısı ilə bağlı qanundakı məhdudiyyətləri götürməliyik. Biz kriminal əməl kimi qanunda saxlayırıq ki, orqan alqı-satqısı olmasın. Ancaq reallıqda belədir ki, insanlar öz aralarında razılaşırlar ki, donor olacaq şəxs orqanını verir. Biz hardasa bunu bir çərçivəyə salmalıyıq. Burada şəxsin iradəsi əsas olmalıdır. Kiminsə öz orqanını kiməsə bağışlamasını gözləmək absurddur. Kriminal yolların isə qarşısı qətiyyətlə alınmalıdır”.

E. Əzizov əlavə edib ki, Azərbaycanda orqan transplantasiyası sahəsində məsələlərin araşdırılması və təkliflərin hazırlanması üçün İşçi Qrupunun yaradılması vacibdir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə