Rəşad Mahmudov: "Biz diaqnozu qoya bilirikmi?" TƏKLİF

"Azərbaycanda uzunillərdir ki, meyitdən orqan transplantasiyası həyata keçirilmir. Belə bir əməliyyat Azərbaycanda 1973-74-cü ildə SSRİ dövrünün qanunları çərçivəsində həyata keçirilib. Hazırda bu rəqəmin sıfır olması narahat edicidir”. SİA-nın xəbərinə görə, bunu Mərkəzi Neftçilər Xəstəxanasının Ürək-damar cərrahiyyəsi şöbəsinin müdiri, ürək-damar cərrahı, Milli Məclisin səhiyyə komitəsinin üzvü Rəşad Mahmudov “İnsan orqan və (və ya) toxumaların transplantasiyası haqqında” Azərbaycan respublikasının qanunun təkmilləşdirilməsinə dair keçirilən dinləmədə çıxışı zamanı deyib.

O bildirib ki, ürək transplantasiyası beyin ölümündən sonra həyata keçirilməlidir: “Çünki bu orqanı yalnız beyni ölən şəxsdən almaq mümkündür. Bu gün ölkəmizdə bu əməliyyatı keçirməyə 4-5 klinika hazırdır”.

Ürək-damar cərrahı söyləyib ki, Türkiyə 1995-ci ildə bu problemlə bağlı suala fərqli yanaşıb: “Belə ki, Türkiyədə ilk növbədə süni nəfəs aparatı olan və beyin ölümünü diqnozunu qoya biləcək xəstəxanaların sayı müəyyənləşdirildi. Biz də ilk növbədə bu məsələlərə diqqət yetirilməli, ilk olaraq beyinlə bağlı xəstəxanalara daxil olan xəstələrin neçə faizini beyin ölümü ilə daxil olması müəyyənləşdirilməlidir”.

R. Mahmudov bildirib ki, il ərzində əgər ölkədə mövcüd olan reanimasiya otağından bir beyin ölümü çıxmırsa, demək ki, işimizdə problem var: “Bu çox geniş mövzudur. Burada əsas məsələlərdən biri diaqnozu düzgün qoya biləcək həkimlərin olmasıdır. Biz diaqnozu qoya bilirikmi? İlk növbədə bu suala cavab tapılmalıdır. Hesab edirəm ki, əgər biz bu məsələlərin üzərinə getsək, o zaman problemin həllində daha geniş addım atmış olarıq”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə