Öskürək haqqında bilmədiyimiz dəhşətli faktlar...

Öskürək müstəqil xəstəlik deyil. Öskürək hər hansı xəstəliyin simptomudur və əksər hallarda orqanizmimizin qoruyucu refleksidir. Öskürək zamanı orqanizmdən mikroblar, selik, toz və s. zərəli və yad maddələr xaric olunur. Lakin bu yalnız nəm öskürəyə aiddir. Quru və uzunsürən xroniki öskürək orqanizmə heç bir kömək etmir və əksinə müxtəlif pozulmalara səbəb ola bilər (yırtıqlar, ürək fəaliyyətinin pozulması və s.).

Öskürəyin səbləri müxtəlif ola bilər:

- kəskin respirator virus infeksiyaları (KRVİ),

- bronxit,

- bronxial astma,

- pnevmoniya (uzunsürən bəlğəmli öskürək, halsızlıq, hərarətin yüksəlməsi, iştahanın azalması, sinədə ağrılar və s.),

- traxeit və laringit,

- vərəm (öskürəkdən əlavə, halsızlıq, hərarətin 38, 0 C qədər yüksəlməsi, gecə tərləmələri, təngnəfəslik, çəkinin azalması və s. kimi simptomlar meydana çıxır),

- haymorit (insan uzanaq vəziyyətdə olduqda haymorit zamanı haymor ciblərində yığılan irin udlağa tökülərək udlağı qıcıqlandırır ki, nəticədə öskürək əmələ gəlir),

- zökəm (səbəb haymoritdəki kimidir),

- allergiyalar,

- bəzi xroniki ürək və damar xəstəlikləri (bir çox hallarda bu zaman öskürək uzanaq vəziyyətdə xəstəni daha çox narahat edir ki, xəstə hətta yarıoturaq vəziyyətdə yatmağa məcbur olur),

- mədə xəstəlikləri (mədə reflyuksu zamanı mədədə olan həzm şirəsinin bir hissəsi mədədən geriyə - yemək borusuna və udlağa qayıdaraq burada qıcıqlamaya səbəb olur ki, nəticədə öskürək əmələ gəlir),

- bəzi onkoloji xəstəliklər.

Bu səbəbdən öskürəyi müalicə etdikdən əvvəl onun əsas səbəbini aşkar etmək lazımdır. İlk növbədə terapevtin müayinəsindən keçmək lazımdır. Müayinədən sonra lazım olduqda həkim xəstəni digər mütəxəssislərin müayinələrinə (LOR, ftiziatr, allerqoloq, kardioloq, qastroenteroloq) göndərə bilər.

Səbəbdən asılı olaraq öskürək zamanı bəlğəmgətirici və iltihabəleyhinə preparatlar, bəzi hallarda antibiotiklər (pnevmoniya, haymorit, vərəm və s. zamanı) təyin olunur. Öskürək ürək xəstəliklərin simptomu kimi meydana çıxdıqda, xəstə kardioloqa müraciət etməlidir.

Bir çox insanlar öskürəyi ciddi simptom kimi qəbul etmir və həkimə müraciət etməyərək öskürəyi ev şəraitində xalq təbabəti üsulları ilə (süd, borjom və s.) müalicə edirlər.

Bəzən yüngül pozulmalar zamanı belə müalicə həqiqətən yaxşı nəticə verir və öskürək keçin. Lakin bəzi hallarda öskürək çox ciddi pozulmaları müşayiət edir və bu zaman vaxtında həkimə müraciət etmədikdə insan öz sağlamlığını və bəzən hətta həyatını təhlükə altına salır.

Beləliklə, aşağıdakı hallarda mütləq həkimə müraciət etmək lazımdır:

- öskürək 2 həftədən artıq davam edir və hərarətin yüksəlməsi ilə müşayiət olunur (bu pnevmoniyanın, vərəmin simptomu ola bilər),

- öskürək boğulma tutmaları ilə, təngnəfəsliklə müşayiət olunur (bu bronxial astma, pnevmoniya, "ürək astması" və s. ola bilər),

- bəlğəm yaşıl və ya sarı rəngdədir (bu bakterial infeksiyanın simptomudur),

- xəstənin səsi dəyişildi, xəstə qısa müddət ərzində səbəbsiz olaraq çəkisini itirib (bu onkoloji xəstəliyin simptomu ola bilər).

Bütün xəbərlər Facebook səhifəmizdə