Türkiyəli həkim hamiləlik üçün ən ideal yaşı açıqladı

Müxtəlif səbəblərdən dolayı gec ailə quran və ya başqa səbəblərdən dolayı 35 yaşa kimi hamilə qalmayan qadınlar ana olmaq qərarı verəndə çətin bir dönəm yaşayırlar. Çünki həm hamiləliyin yaranmasında, həm də davamında müəyyən problemlər yarana bilər. Ümumiyyətlə, 35 və daha yuxarı yaş ana olmaq üçün çoxmu gecdir? Bu yaşda necə hamilə qalmaq olar? Bunun riskli tərəfləri varmı?

Qadın xəstəlikləri və doğum üzrə türkiyəli mütəxəssis Evrim Aksoy bildirib ki, qadınların yumurtalıq funksiyalarının ən məhsuldar yaş dövrü 20-32 yaş arasıdır: “Qadınların doğuş qabiliyyətinə təsir edəcək hansısa bir problemi olmadığı təqdirdə 35 yaşına qədər rahat bir şəkildə hamilə qala bilər. 20-32 yaş aralığı qadınlar üçün ən məhsuldar və ən təhlükəsiz zamanı əhatə edir. Menstruasiyanın düzənli olduğu bu dönəmlər yumurtlamanın da sağlam olduğunu göstərir”.

35 yaşından sonra yumurta rezervlərinin azalması nəticəsində hamilə qala bilmə şansı düşür, 40 yaşından sonra isə bu hal ciddi bir şəkildə azalır. Buna baxmayaraq, gec yaşda ana olanlar da var: “Yaş irəlilədikcə qadının doğuş qabiliyyətinin zəifləməsinə bağlı olaraq hamiləlik böyük risk daşıyır. Buna görə qadınların mümkün qədər doğuş qabiliyyətinin yüksək olduğu dönəmlərdə uşaq sahibi olması vacibdir. Bu,həm sağlamlıq, həm də hamiləlikdə yarana biləcək risklərdən qorunmaq baxımından böyük əhəmiyyət daşıyır. Qadınların fiziologiyası və anatomik quruluşu etibarı ilə hamiləlik üçün ən uyğun dövr 21-30 yaş arası olsa da, dünyada bu yaşdan aşağı və yuxarı xanımların hamiləliyi ilə bağlı bir çox nümunələr var. 40 yaşında olan hər dörd qadından biri sağlıq problemləri olmamasına və mütəmadi cinsi əlaqədə olmasına baxmayaraq hamilə qala bilmir. Hətta qalsa belə, uşaqlıq yolu və yumurtalıq funksiyalarının itirilməsi ilə əlaqədar olaraq embrionun uşaqlıqda inkişaf edə biləcəyi bir şərait olmadığı üçün düşmə, ya da döldə inkişaf problemləri olur. Odur ki, sağlam uşaq dünyaya gətirmək istəyən hər qadın hamiləlik üçün uyğun yaş aralığını bilməlidir”.

E.Aksoyun sözlərinə görə, hamiləlik yaşı nə qədər erkən olarsa, uşaqda daun sindromu ehtimalı çox az olur.

Bütün xəbərlər Facebook səhifəmizdə