Naxçıvanda kütləvi diaskin sınağı aparılacaq

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində “Diaskin test preparatı və onun əhəmiyyəti” mövzusunda seminar təşkil olunub.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanası tərəfindən təşkil olunan tədbirdə xəstəxananın baş həkimi Rəhim Rəhimov çıxış edib. Bildirib ki, vərəm gecikmiş mərhələdə qarşısı alına bilməyən xəstəlik olduğundan dünyada hər dəqiqədə iki insanın həyatına son qoyur və əhalinin əmək qabiliyyətli hissəsini sıradan çıxarır. Odur ki, xəstəliyin erkən diaqnozunun qoyulması və müalicəsinin vaxtında başlanması mühüm əhəmiyyət kəsb edir. Bu məqsədlə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən hazırlanan tədbirlər planına əsasən, noyabrın 27-dən dekabrın 7-dək uşaq və yeniyetmələr arasında başlanğıc və məhdud formalı vərəmin erkən aşkarlanıb vaxtında müayinə və müalicəyə cəlb olunması üçün şagirdlər arasında kütləvi diaskin sınağı aparılacaq.

Vurğulanıb ki, hazırda bu mühüm kampaniya üçün təşkilati işlər görülür, məktəblərdə maarifləndirmə işi aparılır. Diaskin testin yüksək səviyyədə həyata keçirilməsinin mahiyyətinin və əhəmiyyətinin öyrənilməsi məqsədilə artıq rayon mərkəzi xəstəxanaları, şəhər, rayon gigiyena və epidemiologiya mərkəzləri tərəfindən xidmət ərazilərində test sınaqlarına cəlb edilən uşaqların siyahılarının tərtib olunmasına başlanılıb. Ərazi prinsipi üzrə bir həkim və iki tibb bacısından ibarət xüsusi briqadalar yaradılıb.

Xəstəxananın ftiziatrı Dilşurə İsmayılova “Diaskin testin kimyəvi tərkibi, mantu sınağından fərqi”, pediatr Səkinə Tarverdiyeva “Diaskin test–nəticələri, risk qrupları və fəsadları”, Naxçıvan Muxtar Respublikası Ağ ciyər Xəstəlikləri Dispanserinin ftiziatrları Məmmədəli Ələkbərov “Uşaqlarda erkən vərəm intoksikasiyasının aşkarlanması”, Zeynəb Bağırova “QİÇS və vərəm” mövzularında məruzə ediblər.

Bildirilib ki, diaskin test həssas və yüksək spesifik preparat kimi, vərəmə yoluxmuş və vərəmə yoluxma riski yüksək olan insanların aşkar edilməsində mühüm rol oynayır. Belə ki, mantu sınağında dəqiqlik 70 faizdirsə, diaskin testdə bu göstərici 98 faizdir. Bu testin bir üstün cəhəti də mantu sınağında rast gəlinən allergik reaksiyaların və yalançı müsbət nəticələrin olmamasıdır. Bir sözlə, diaskin test vərəmə yoluxmuş xəstələrin erkən aşkar olunması və yoluxmuş insanların müalicəsinin effektivliyini göstərən dəqiq sınaq üsuludur.

Muxtar respublikanın tibb müəssisələrində çalışan həkim-pediatr və vaksinatorların, şəhər və rayon gigiyena epidemiologiya mərkəzlərinin nümayəndələrinin iştirak etdiyi tədbirdə müzakirələr aparılıb, suallar cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə