Yuxu beyin fəaliyyəti normasının minimal səviyyəyə enməsi və ətraf aləmə olan reaksiyaların azalması ilə müşayiət olunan təbii fizioloji prosesdir. Bütün canlı varlıqlar öz güclərini təzələmək və həyat fəaliyyətini davam etdirmək üçün istirahətə ehtiyac duyur. Yuxu istirahət növü kimi cismi və zehni fəaliyyəti gücləndirir.

AZƏRTAC xəbər verir ki, yuxu və onun xüsusiyyətləri barədə danışan Bakı Sağlamlıq Mərkəzinin həkim-nevroloqu Sevinc Salamova deyib: "Yuxuya getməzdən əvvəl mürgüləmə vəziyyəti olur. Mürgü zamanı ətrafdakı bəzi səslər eşidilir, hətta yuxu şəkilləri də “görünür”. Qəfildən sanki yıxıldığımızı hiss edir və vəziyyətdən çıxmağa çalışırıq. Gözümüzü açanda başa düşürük ki, heç hara yıxılmırıq, sakitcə və dinc vəziyyətdə yatağımıza uzanmışıq.

Əslində nə baş verir? Alimlər müəyyən ediblər ki, mürgüləyərkən bədənin temperaturu dəyişir. Tənəffüs yavaşıyır, əzələlər gərginlikdən çıxır. Beyin həmin vəziyyəti yıxılmaq kimi qəbul edir və bərk bir yerə dirənmək, söykənmək üçün ayaqlara siqnal göndərir. Ona görə də ayaqların qeyri-iradi dartınması və qıcolması ilə yuxudan ayılırıq.

Həkimlər həmin vəziyyəti “hipnozlu dartınma” və ya “yuxu qıcolması” adlandırırlar. Gecə qıcolmalarını təxminən 70 faiz hallarda rast gəlmək mümkündür.

Normal yuxu üçün düzgün yatmaq qaydası və yuxu rejimi seçmək lazımdır. Təbii ki, uzun illərin pis vərdişindən yaxa qurtarmaq o qədər də asan olmur. Bir müddət yuxuyagetmə çətinləşir, yuxu qaçır. Lakin bunun əvəzində şirin yuxu, sağlam bədən və sağlam ruh qazanmaq mümkündür. Arada yanı üstə çevrilmək olar, lakin bunu edəndə qəddi bükməmək, büzüşməmək, ən başlıcası isə özünü yenidən arxası üstə uzanmağa məcbur etmək lazımdır. Gec-tez həmin vəziyyətə alışmaq lazım gələcək.

Sual oluna bilər: bunun sağlamlıq üçün nə əhəmiyyəti var? Əvvəla, düz uzanarkən bədənin bütün hissələri yükü bərabər şəkildə bölüşdürür - bir əzaya çox, digərinə az ağırlıq düşmür, qan rahat dövr edir. İkincisi, ayaq üstə qalarkən, yaxud iş masası arxasında əyləşərkən əyilən, yerindən oynayan fəqərələr düzəlir. Bundan əlavə bərk yataq dərinin öz funksiyasını düzgün yerinə yetirməsinə şərait yaradır, qaraciyər bağlarının gərilməsinin qarşısını alır. Aşağı və yuxarı ətrafların venaları qanı geri, ürəyə tərəf qovur. Bu da öz növbəsində qaraciyərin fəal işləməsini təmin edir. Nəticədə gün ərzində orqanizmdə yığılan toksik maddələr ondan kənar edilir. Lakin iş bununla bitmir, arxası üstə yatanda sinirlər müxtəlif təzyiq və gərilmələrə məruz qalmır.

Sağlamlıq qidadan asılı olduğu qədər fəqərə sütununun vəziyyətindən də asılıdır. Məşhur yapon naturopat alimi K.Nişi xəbərdarlıq edirdi: “Yumşaq yataqda xumarlanıb sinirlərin eyforiya olmasına və iflic vəziyyətə düşməsinə imkan verdikdə xəstəliklər dəvət gözləmədən qapını döyəcəkdir”. Çünki sinir lifləri sıxılarkən qaraciyərin sekresiyası pozulur və qantəmizləmə işinin pozulmasına səbəb olur, qan toksinlərdən təmizlənə bilmir. Çirklənmiş qan orqanizmdə dövr edir və bunun nəticəsində orqanlar sağlam olur".

Bütün xəbərlər Facebook səhifəmizdə