"Adambaşına düşən səhiyyə xərcləri artırılmalıdır"

“2018-ci ilin büdcəsinin ötən ilin büdcəsindən 20 faiz artırılması ölkəmizdə iqtisadi yüksəlişdən xəbər verir. Belə ki yeni büdcədə sosial sahələrə ayrılan vəsait artırılıb. Büdcənin 1/3-inin sosial sahələrə ayrılması ölkə başçısının əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına göstərilən diqqətidir”. SİA-nın xəbərinə görə, bunu Milli Məclisin səhiyyə komitəsinin sədri, deputat Əhliman Əmiraslanov parlamentdə büdcə müzakirələri zamanı çıxış edərkən deyib.

O bildirib ki, 2018ci ilin büdcəsində təhsil sahəsinə ayrılan vəsait 15 faiz artırılıb: “Bildiyiniz kimi təhsil sahəsində ciddi islahatlar aparılır. Bu vəsait edilən islahatları daha da sürətləndirəcək. Bundan başqa növbəti ilin büdcəsində AMEA-ya ayrılan vəsait 5 faiz artıb ki, bu da elmin inkişafında xüsusi əhəmiyyətə malik olacaq”.

Növbəti ilin büdcəsində səhiyyə sahəsinə ayrılan vəsaitin artırılığını deyən Ə.Əmiraslanov syləyib ki, buna baxmayaraq 2018-ci ilin büdcəsində adambaşına düşən səhyyə xərcləri azaldılıb: “Təəssüflə qeyd edirəm ki, ölkəmizdə adambaşına düşən səhiyyə xərcləri son dərəcə aşağıdır. Bu xərclərin az olması, həkimlərin maaşların aşağı olması, ölkədə yeni inşa olunan, müasir avadanlıqlarla təmin olunan klinika və xəstəxanaların effektiv çalışmasına mane törədir. Bu il səhiyyə xərcləri ötən ilkindən bir qədərdə az nəzərdə tutulub. Əhalinin artımı nəzərə alınaraq bu xərclər artırılmalıdır. Əgər biz bunu stabil saxlayıb və ya azaltsaq o zaman səhiyyədə problemlər yaranacaq”.

Deputat bildirib ki, keçən il də Milli Məclisdə koxlear implantasiya ilə bağlı məsələ qaldırılıb. “Ölkəmizdə hər il 100-150 nəfər eşitmə qabiliyyətini itirmiş uşaqlar dünyaya gəlir. Onlar əməliyyat olunmasa eşitmə qabilliyyətini itirə bilərlər . Bu əməliyyatı həyata keçirmək üçün büdcədən daha çox maliyyə vəsaiti ayrılmalıdır.

Deyə bilərlər ki, səhiyyə sahəsinə nəzərdə tutulan vəsaitdən bu məsələyə maliyyə ayırmaq olar. Amma hesab edirəm ki, həmin vəsaitin özü də yetərli deyil. Ona görə də koxlear implantasiya üçün ayrıca maliyyə vəsaiti nəzərdə tutulmalıdır”.

Ə. Əmiraslanov orqan transplantasiyasına məruz qalan xəstələrin antidesprantlarla təmin olunması üçün əlavə vəsait ayrılmalıdır. “Bu gün ölkədə və xaricdə vətəndaşlarımıza orqan transplantasiyası aparılır. Həmin şəxslərin yaşaması üçün ömrü boyu antidesprantlar almalıdırlar. Bunun üçün onlara 3000-3500 manat vəsait lazımdır. Ancaq, bu xəstələr onu ala bilmirlər. Onlar bu antidesprantlardan istifadə etməsələr orqanlarda qopma baş verir və həyatları təhlükə altına düşür. Buna da əlavə vəsait lazımdır. Çünki, səhiyyəyə ayrılan vəsaitlə bunu etmək mümkün deyil”.

Deputat əlavə edib ki, şiş əleyhinə preperatların alınması üçün də əlavə vəsait lazımdır. “Bunun üçün bu il də vəsait ayrılıb. Ancaq bu peraparatlar çox bahalıdır. Ona görə də onların tam həcmdə alınmasında çətinliklər var. Bu da onkoloji xəstəliklərin müalicəsində çətinliklər yaradır. Hesab edirəm ki, ayrılan vəsaitin artırılmasına ehtiyac var”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə