Azərbaycanda diabet xəstələnin sayı 12 faiz artıb

"Hazırda Azərbaycanda 242 min diabet xəstəsi qeydiyyatdadır. Son 9 ayın statistikası göstərdi ki, bu il diabet xəstələrinin sayında 12 faiz artım olub". SİA-nın xəbərinə görə, bunu Respublika Endokrinoloji Mərkəzin direktor müavini Babək Salek deyib.

O bildirib ki, Respublikada 1556 uşaq şəkərli diabet xəstəsidir ki, onun 553 nəfəri Bakıdadır: "Həmin uşaqlar insulin analoqları ilə təmin olunur. 2014-cü ildə 90 uşağa insulin pompası qoyulub. Ümumiyyətlə, I tip şəkərli diabet əsasən 25-30 yaşa qədər gənclərdə rastlanır. İkinci tip diabet isə daha çox yaşlı adamlarda olur".

Şəkərli diabet xəstəliyinin səbəblərini sadalayan direktor müavini vurğulayıb ki, bu xəstəliyə əsasən "fast food" qidaları, pəhriz saxlamamaq, hərəkətsizlik və genetik amillər səbəb olur: "Atada şəkər xəstəliyi varsa, uşaqda rastlanma ehtimalı çoxdur. Bəzən şəkərli diabet xəstəsi olan hamilə qadınlar narahat olduğu üçün bizə müraciət edir.Həmin qadınların cifti 9 ay nəzarətdə saxlanmalıdır. Bundan başqa, hamiləlik zamanı şəkər tutan qadınlar da olur. Hamiləlikdən sonra şəkər xəstəliyi özlüyündə sağalır. Ancaq dünyada hər 7 uşaqdan biri bu cür diabetlə dünyaya gəlir".

B. Salek qeyd edib ki, insanlar çox susuzluq, tez-tez sidiyə getmək, iştahasızlıq, halsızlıq kimi hallardan şikayətlənirsə, mütləq həkimə müraciət etməlidir.

Direktor müavini əlavə edib ki, hər il dünyada şəkərli diabet xəstələrinin sayında 15 faiz artım müşahidə olunur: "2015-ci ildə dünyada 242 milyona yaxın diabet xəstəsi var idisə, son proqnozlara əsasən 2040-cı ildə bu rəqəm 625 milyona çatacaq".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə