Azərbaycanda sətəlcəm xəstəliyinin geniş yayılma SƏBƏBİ

"Kəskin pnevmoniya (sətəlcəm) ilə xəstələnmə dünya üzrə əhalinin hər min nəfərinin 10-13-də, 50 yaşdan yuxarı hər 1000 nəfərinin 17-də müşahidə olunur". SİA-nın xəbərinə görə, bunu Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun professoru Natəvan Fərəcova deyib.

O bildirib ki, kəskin pnevmoniya uşaqlarda, ahıl insanlarda daha ağır formada keçir: Xəstələnmə və ölüm göstəricisi qadınlara nisbətən kişilərdə daha çox müşahidə olunur. Bu da kişilərdə zərərli vərdişlərin üstünlük təşkil etməsi ilə əlaqədardır. Ölüm səbəbləri siyahısında kəskin pnevmoniya ürək-damar, onkoloji xəstəliklər və zədələrdən sonra 4-cü yerdə dayanır”.

Azərbaycanda pnevmoniya xəstəliyinin çox geniş yayıldığını deyən professor buna səbəb kimi kəskin respirator virus infeksiyalarının vaxtında və düzgün müalicə edilməməsini göstərib: "Azərbaycanda hər 100 min uşaqdan 6-da bronxit və ocaqlı pnevmoniyaya rast gəlinir. Regionlarda bu xəstəliyin yayılmasına daha çox rast gəlinir. Pnevmoniyanın 4 ağırlıq - yüngül, orta-ağır, ağır, çox ağır dərəcələri mövcuddur. Ahıl xəstələrdə ağciyərdən kənar əlamətlər üstünlük təşkil edir. Bu səbəbdən də belə xəstələrdə pnevmoniya diaqnozunun qoyulması yubanır və nəticədə müalicə aparılması gecikir. Pnevmoniya dedikdə kəskin xəstəlik forması nəzərdə tutulur. Azərbaycanda qadınlar arasında pnevmoniyanın yayılması narahatedici səviyyədə deyil”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə