Regionlarda maarifləndirici toplantıların keçirilməsinə start verilir

Səhiyyə Nazirliyinin 20.06.2017-ci il tarixli 45 nömrəli əmri ilə təsdiq edilmiş "Həkimlərin bilik və bacarıqlarının təkmilləşdirilməsinə dair müvəqqəti Qaydalar" barədə geniş səhiyyə ictimaiyyətini məlumatlandıqmaq məqsədi ilə regionlarda maarifləndirici toplantıların keçirilməsinə start verilir. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, ümumiyyətlə səhiyyə müəssisələrinin əməkdaşlarının davamlı tibbi təhsil haqqında maarifləndirilməsi üçün regionlarda bir neçə toplantının keçirilməsi nəzərdə tutulmuşdur. Bu qəbildən olan ilk toplantı Quba Müalicə Diaqnostika Mərkəzinda sabah 07.11.2017-ci il tarixində keçiriləcək. Növbəti toplantıların Sumqayıt Şəhər Səhiyyə Şöbəsində 08.11.2017-ci il tarixində, Qazax RMX-da (15.11.2017-ci il), Gəncə ŞSİ-də (16.11.2017-ci il), Şəki RMX-da (17.11.2017-ci il), Lənkəran RMX-da (22.11.2017-ci il), Şirvan RMX-da (25.11.2017-ci il), Şamaxı RMX-da (29.11.2017-ci il) keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, Səhiyyə Nazirliyinin 20.06.2017-ci il tarixli 45 nömrəli əmri ilə "Həkimlərin bilik və bacarıqlarının təkmilləşdirilməsinə dair müvəqqəti Qaydalar" təsdiq edilib. Bu Qaydalar əhaliyə keyfiyyətli tibbi xidmət göstərilməsini təmin etmək məqsədi ilə praktik tibbi fəaliyyətlə məşğul olan həkimlərin davamlı tibbi təhsil prosesini tənzimləyir.

Davamlı tibbi təhsil-praktik tibb fəaliyyəti ilə məşğul olan həkimlərin bilik, bacarıq və peşəkar vərdişlərinin inkişaf etdirilməsinə yönəldilmiş təhsil prosesi olub, ali tibb təhsilini təsdiq edən sənədin verildiyi gündən başlayır və həkimin peşəkar fəaliyyəti dövrü davam edir.

Davamlı tibbi təhsil təkmilləşdirmə kursları və toplanma sistemi metodlarından birgə yaxud ayrılıqda istifadə edilməklə həyata keçirilir və onun zəruri miqdarının hesablanması davamlı tibbi təhsilin kreditləri vasitəsilə həyata keçirilir. Təkmilləşdirmə kursları Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu tərəfindən əyani və distant formada keçirilir. Toplanma sistemi həkimin ölkədə və ya beynəlxalq səviyyədə akkreditə olunmuş davamlı tibbi təhsil üzrə tədris yaxud elmi tədbirlərdə iştirakı, elmi, pedaqoji, həmçinin müstəqil fəaliyyəti vasitəsilə kredit vahidlərinin yığılması yolu ilə həyata keçirilir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə