Cərrahiyə zamanı ölüm hallarının SƏBƏBLƏRİ

"Xəstə əməliyyata girməmişdən əvvəl mütləq müayinələrə getməlidir. Amma bu müayinələrə etinasız yanaşılır. Bu isə cərrahiyyə stolunda mütləq özünü göstərir. SİA-nın məlumatına görə, bunu Azərbaycan Səhiyyə Nazirliyinin baş anestezioloq-reanimatoloqu Aydın Qədirov deyib.

Onun sözlərinə görə, uşaqlar xüsusilə əməliyyatdan əvvəl pediatr müayinəsindən keçməlidir. Uşaq sağlam olsa belə, bu müayinələr mütləq aparılmalıdır: "Çox təssüf ki, Azərbaycanda xəstələr əməliyyat üçün geçikmiş mərhələdə müraciət edirlər: Əməliyyat edilən xəstədə bir fəsad yarandıqda isə onun günahını anestezioloqda görürlər. Xəstədə mədə xəstəliyi varsa, o, deşilməyə qədər gəlib çatır. Avropada axı belə deyil. Avropada insanlar xəstəliyi vaxtında müalicə etdirirlər. Bizdə əməliyyat stoluna çıxdıqda deyirlər ki, məni müalicə edin. Xəstəlik fəsadlaşmamışdan əvvəl onu müalicə etmək lazımdır. Xəstədə xəstəliyin fəsadları ilə yanaşı, digər xəstəliklər də olur. Bizdə xəstələrdə yanaşı xəstəliklər çox olur".

A.Qədirov deyib ki, xəstə və həkim bir ittifaq kimi birgə olmalıdır: "Bizdə isə xəstə həkimi qarşı tərəf kimi görür. Bu, belə olmamalıdır".

Baş anestezioloq-reanimatoloq bildirib ki, xəstənin cərrahi diaqnozu dəqiqləşəndən sonra o, müayinələrdən keçirilməlidir.

Onun sözlərinə görə, anestezioloq xəstədə mütləq yanaşı xəstəliklərin olub-olmadığını müəyyənləşdirməlidir: "Çox hallar olub ki, xəstə sağlam kimi qəbul edilib, amma exokardioqramma çıxarılanda onun ürəyində küyün olduğu məlum olub".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə