Görmə problemi olan şəxslər üçün aksiya keçirilib

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi Azərbaycan Gözdən Əlillər Cəmiyyətində Dünya Görmə Günü ilə əlaqədar aksiya keçirib. SİA-nın xəbərinə görə, aksiya çərçivəsində Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin mütəxəssisləri görmə problemi yaşayan bir qrup şəxsin müayinəsini həyata keçiriblər. Aksiyada iştirak edən insanlar həkim oftalmoloqlar tərəfindən ətraflı müayinə edilib, zəruri müalicə tədbirləri müəyyənləşdirilib.

Qeyd edək ki, Azərbaycanda görmə problemi ilə üzləşən minlərlə insan var. Bu səbəbdən aksiyanı keçirməkdə məqsəd maarifləndirmə işləri aparmaq və bu xəstəliklə mübarizənin yollarını göstərməkdir.

Ümumiyyətlə, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi həm Bakıda, həm də bölgələrdə göz xəstəlikləri ilə bağlı əhali arasında geniş maarifləndirmə tədbirləri aparır, oftalmoloji xəstələrin müayinəsi və müalicəsi sahəsində aksiyalar keçirir. Bu gün dövlət səviyyəsində göz xəstəliklərinin qarşısının alınmasına yönəldilmiş çoxlu sayda tədbirlər həyata keçirlir.

Hazırda, dünyada milyonlarla insan korluqdan əziyyət çəkir. Korluq görmə qabiliyyətinin itirilməsidir. Xroniki korluğun əsas səbəbləri katarakta, qlaukoma, gözün tor qişasındakı sarı ləkənin yaşlanma ilə əlaqədar degenerasiyası, buynuz qişasının patalogiyası, zədə, uşaqlarda anadangəlmə göz xəstəlikləridir. Dünyada, həmçinin yaşın artması və nəzarət olunmayan şəkər xəstəliyi ilə bağlı korluq da geniş yayılıb. Mütəxəssislərin rəyinə görə, vaxtında müayinə və müalicə etməklə korluq hallarının 80 faizinin qarşısını almaq mümkündür.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə