ATU mütəxəssisləri V Türkiyə Forumunda iştirak ediblər

Ankarada azərbaycanlı həkimlərin və tibb təhsili alan tələbələrin V Türkiyə Forumu başa çatıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşavirliyi və Azərbaycanlı Həkimlər Dərnəyinin birgə təşkilatçılığı ilə keçirilən toplantıda Azərbaycan Tibb Universitetinin nümayəndə heyəti də iştirak edib.

“Nümunəvi həkim olmağa doğru” şüarı ilə iki gün davam edən Forumda Azərbaycanda tibb elmi və səhiyyənin inkişafı, bu sahədə Türkiyə ali məktəblərinin yeri və rolu ilə bağlı müzakirələr keçirilib. Həmçinin, ölkəmizdə səhiyyə işçiləri üçün yaradılan şərait, həyata keçirilən dövlət tədbirlərinin nəticələri və s. kimi məsələlər barəsində fikir mübadiləsi təşkil edilib.

Tədbirdə iştirak edən porektor R.Bəylərov öz çıxışında ATU-nun fəaliyyəti, ölkədə tibbi təhsil verən yeganə ali məktəbdəki təhsil və tədris sistemi haqqında iştirakçılara ətraflı məlumat verib. Bildirib ki, ATU nəzdində dörd klinika fəaliyyət göstərir. Burada tələbələrin peşəkar kadr kimi yetişməsi, həmçinin əhaliyə yüksək səviyyəli tibbi xidmətin göstərilməsi üçün hər cür şərait yaradıldılıb.

Çıxışlarda qeyd olunub ki, əhaliyə səviyyəli səhiyyə xidmətinin göstərilməsinin təmin edilməsi ilk olaraq tibbi təhsilin təşkili ilə bağlıdır. Azərbaycanda bu məsələ dövlət səviyyəsində səhiyyə və təhsillə bağlı dövlət proqramları çərçivəsində kompleks şəkildə həllini tapıb. İndi əhaliyə nümunəvi tibbi xidmətlərin göstərilməsinin yüksəlişinin böyük bir hissəsi dövlət dəstəyi ilə tibbi təhsil alan mütəxəssislərdən, o cümlədən öz hesabına xaricdə tibbi təhsil alan soydaşlarımızdan asılıdır.

Forumda “Azərbaycandakı tibb təhsilində yeniliklər”, “Azərbaycanda elmi dərəcəli həkimlər üçün iş imkanları”, “Elmi dərəcəli həkimlərin Azərbaycanın səhiyyə sisteminə töhfələri” və “Ölkə xaricində mütəxəssis olmaq və tədqiqat imkanları” mövzularında panel müzakirələr də keçirilib. Yekunda təşkilatın qarşıdakı vəzifələri, perspektivdə olan məsələlər barədə geniş məlumat verilib.

Tədbirdə rəsmi şəxslər, diplomatlar, QHT və KİV təmsilçiləri, qardaş ölkədə işləyən, yaşayan və təhsil alan çoxsaylı azərbaycanlılar iştirak ediblər.

Qeyd edək ki, Azərbaycandan olan nümayəndə heyətinin üzvlərinin Türkiyənin səhiyyə naziri Rəcəb Ağdağla görüşü baş tutub. Görüşdə Azərbaycan və Türkiyə arasında tibb sahəsində əməkdaşlıq, o cümlədən tibb təhsili ilə bağlı görüləcək birgə işlər haqqında səmərəli fikir mübadiləsi aparılıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə