Zaur Əliyev: ”Azərbaycanda peşəkar həkimlərə ehtiyac var"

Türkiyədə fəaliyyət göstərən Azərbaycanlı Həkimlər Dərnəyinin və ölkəmizin Ankaradakı səfirliyinin Təhsil Müşavirliyi ilə birgə 7-8 oktyabr tarixlərində Ankara şəhərində təşkil etdiyi "Nümunəvi Həkim Olmağa Doğru 5" forumunda hər iki ölkənin dövlət strukturları, eləcə də nüfuzlu təhsil və səhiyyə qurumlarının nümayəndələri çıxış ediblər. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən SİA-ya verilən xəbərə görə, Agentliyinin direktoru Zaur Əliyev forum iştirakçılarına Mingəçevir şəhərində və Yevlax rayonunda tətbiq olunan pilot layihə haqqında geniş məlumat verib və bildirib ki, xaricdə təhsil alıb ölkəmizə qayıdanların sayı çoxdur: “Türkiyədə tibb elminin inkişafından bəhrələnərək öz ölkəmizə yüksək ixtisaslı kadrlar olaraq xidmət edəcəyinizə, öyrəndiklərinizlə Azərbaycanda səhiyyənin inkişafına öz töhfənizi verəcəyinizə böyük ümid bəsləyirik. Hədəfimiz odur ki, qurduğumuz sistem işləsin, həkimlərimiz nüfuz qazansın. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Azərbaycanda səhiyyənin şəffaf maliyyələşmə sistemini yaradır. Ölkəmizdə pilot layihə kimi tətbiq olunan icbari tibbi sığorta sistemi həkimlərin layiqli əmək haqqı ilə təmin olunması üçün zəmin yaradır. Pilot ərazilərdə bonus sistemi tətbiq etmişik və tibb işçiləri layiqli əmək haqqı alır”.

Agentlik direktoru bildirib ki, ölkədəki xəstəxanalarda ən müasir şərait yaradılıb. Onun sözlərinə görə, ölkəmizdə peşəkar həkimlərə ehtiyac var: “Hazırda əhalinin müəyyən qrupu müalicə üçün xaricə üz tutur. Həmin qrupun ölkə səhiyyəsinə, həkimlərinə etibarını qaytarmaq, öz səhhətlərini Azərbaycan həkimlərinə etibar etmələrinə nail olmaq üçün sizlərin köməyinə ehtiyacımız var”.

Oktyabrın 9-da isə Türkiyə Respublikasının səhiyyə naziri Əhməd Dəmircan Azərbaycan nümayəndə heyətini qəbul edib. Nümayəndə heyətinin tərkibində Naxçıvan MR-in səhiyyə naziri Niyazi Novruzov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev, Azərbaycanın Ankaradakı səfirliyinin təhsil müşaviri Nəcibə Hüseynova, Azərbaycan Tibb Universitetinin prorektoru Rauf Bəylərov, Azərbaycanlı Həkimlər Dərnəyinin rəhbəri Şahin Xanəlioğlu, habelə Türkiyədə təhsil almış və hazırda ölkəmizdə çalışan tanınmış həkimlər iştirak ediblər. Görüşdə Azərbaycanda və Türkiyədə icbari tibbi sığortanın tətbiqi ilə bağlı məsələlər müzakirə olunub.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə