Süni əmziklər uşaqlara zərərlidir MƏSLƏHƏT

Bu gün Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında ana südü ilə qidalandırma həftəsinə həsr olunmuş tədbir keçirilib. SİA-nın xəbərinə görə ATU-nun prorektoru Rauf Bəylərbəyov bildirib ki, tədbirin məqsədi Səhiyyə Nazirliyi və UNICEF-in təşəbbüsü ilə keçirilən ana südü ilə qidalandırma həftəsinə dair məlumat vermək, əhali arasında bu mövzuda maarifləndirməni gücləndirməkdir. O vurğulayıb ki, körpələrin ana südü ilə qidalandırılması hər bir dövrdə və ölkədə ən mühüm məsələlərdən biri olub.

Prorektorun sözlərinə görə, körpənin ana südü ilə qidalandırılması həm uşağın, həm də ananın sağlamlığı üçün çox vacibdir. 2 yaşınadək ana südü ilə qidalanan uşaqlarda kəskin respirator viruslar, diareya və digər xəstəliklərlə xəstələnmə digər uşaqlarla müqayisədə 4-5 dəfə az olur: “Süni qidalar isə ölü qida hesab olunur və onu uşaqlara vermək olmaz. Çünki belə qidalar uşaqların müəyyən müddətdən sonra müxtəlif xəstəliklərə daha tez yoluxmasına şərait yaradır”.

"Hər bir qadın öz uşağını 2 yaşa qədər əmizdirə bilər. Bu zaman ilk olaraq ananın özü sağlamlığı naminə bunu etmiş olur. Artıq onkoloqlar da bunu təsdiq ediblər ki, körpəsini 2-3 yaşa qədər əmizdirən qadınlarda klimakterik dövrdən əvvəl yumurtalığın və süd vəzinin xərçəng xəstəliyi riski azalmış olur. Digər tərəfdən, uşaqlarda da 4 yaşa qədər kəskin respirator infeksiyalara, diareyaya yoluxma 4 dəfə azalır. Bu şüar bütün dünyada var: “Süni qidalanma ölü qidalanmasıdır”. Süni qidaların tərkibini araşdırsaq, görərik ki, bunların uşaqlara verilməsi heç də düzgün deyil. Süni əmziklər də uşaqlara çox zərərlidir. Bu zaman analar çox diqqətli olmalıdırlar"- deyə, Rauf Bəylərbəyov qeyd edib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə