Məktəbliləri xəstəlikdən necə qoruyaq? HƏKİM MƏSLƏHƏTİ

Artıq yeni tədris ili başlandı. Məktəblilər dərs zamanı yeni bilikləri əldə etməklə yanaşı, bir çox infeksiyalarla da qarşılaşır, bir sözlə desək tez-tez xəstələnməyə başlayırlar. Belə olan halda, məktəbli həm dərsdən yayınır, həm də digər şagirdlərdən bilik səviyyəsinə görə geri qalır. Bu xoşagəlməz vəziyyət ən çox valideynləri narahat etməyə başlayır. Bəs o zaman məktəbliləri xəstəliklərdən necə qoruyaq?

Məsələ ilə bağlı SİA-ya açıqlama verən Səhiyyə Nazirliyinin baş pediatrı Nəsib Quliyev bildirib ki, məktəblilərdə daha çox xəstələnmə halı uşaqların evdən məktəbə infeksiya aparması nəticəsində baş verir.

O bildirib ki, xəstə uşağın məktəbə buraxılması yolverilməzdir: “Çünki bir uşaq özündən əlavə onlarla uşağı yoluxdura bilər. Valideynlər uşaqlarında xəstələnmə əlaməti görən kimi onu məktəbə deyil, həkimə aparmalıdırlar”.

Baş pediatrın sözlərinə elə xəstəlik var ki, onu tez müalicə etmək olur və onun karantin müddəti də az olur: “Lakin elə xəstəlik də var ki, məktəbli həmin xəstəliyə tutulduğu zaman həm öz sağlamlığı, həm də digərlərini yoluxdurmamaq üçün uzun müddət karantində qalmalıdır. Valideynlər bu iki cəhəti mütləq şəkildə nəzərə almalıdırlar”.

N.Quliyev qeyd edib ki, məktəblilərin immun sisteminin gücləndirilməsi istiqamətində aparılan qabaqlayıcı tədbirlər adətən yay tətilində görülməlidir: “İstər həkimlər, istərsə də valideynlər qışın hazırlığını yaydan etməlidirlər. Təbiət bizə günəş, qum, dəniz, vitaminli meyvə-tərəvəzi bəxş edib. Biz yay ayları müddətində bu vasitələrdən səmərəli istifadə etməklə uşaqların immun sistemini gücləndirə bilərik. Lakin burada təəssüf edici məqam valideynlərimizi uşaqları dənizə aparmamasıdır. Əgər biz Bakıda yaşayan uşaqlar arasında sorğu aparsaq görərik ki, onlardan yarısından çoxu dənizə getmirlər. Burada təbii ki məsuliyyət valideynin üzərinə düşür. Çünki, dənizdən, qumdan, günəşdən istifadə etməyən uşaqlar payız fəslində tez-tez soyuqdəymə xəstəliyindən əziyyət çəkirlər”.

Baş pediatr vurğulayıb ki, uşaq orqanizmində problem yarandıqda həkimlər onda ciddi dönüş yarada bilmirlər: “Çünki, belə hallarda həll edici rol orqanizmin özünə məxsusdur. Həkimlər sadəcə müalicə edir, lakin orqanizm özü-özünü sağaldır. Bu baxımdan həm valideynlər, həm də həkimlər fürsət yarandıqca uşaq orqanizminin möhkəmləndirilməsinə çalışmalıdırlar”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə