Həkim: "Bir çox vitaminlər xərçəng əleyhinə təsirə malikdir"

"Yoğun bağırsaqda xərçəng riskini azaltmaq üçün qida rasionuna diqqət yetirilməsi vacibdir." Bu sözləri Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının qastroenteroloqu Vüqar Rəsulov ATU-nun mətbuat xidmətinə verdiyi müsahibəsində bildirib.

Həkim deyib: “Qida rasionunda meyvə, tərəvəz və taxıl (kəpək, yulaf, arpa, qarğıdalı) məhsulları artırılmalıdır. Bu məhsulların tərkibində xərçəng əleyhinə təsirli vitaminlər, minerallar, liflər və antioksidantlar var. Gün ərzində 5 və daha çox meyvə və tərəvəz porsiyası, yəni ən az 200 qr meyvə və 200 qr tərəvəz qəbul etmək məsləhətdir. Bədəndə mineral və vitaminləri artıracaq qidalar qəbul edilməlidir. Tədqiqatlar göstərir ki, bir çox vitaminlər xərçəng əleyhinə təsirə malikdir. Bunlara vitamin B-6, kalsium, fol turşusu, E vitamini, selen və maqneziumu misal çəkmək olar. Spirtli içkilərin qəbul edilməsinin bağırsaq və digər orqanların xərçəng riskini artırır. Belə içkilərin miqdarını maksimal azaltmaq və hətta tamamilə istifadəsini dayandırmaq tövsiyə olunur.

Siqaret çəkənlər də bu pis vərdişi tərgitməlidirlər. Belə ki, siqaret də bu xəstəliyin irəliləməsinə səbəb ola bilər. Siqareti tərgitməkdə çətinlik çəkənlər isə həkimə müraciət etməlidirlər. Müntəzəm fiziki aktivliklə məşğul olmaq və sağlam bədən çəkisini saxlamaq çox vacibdir. Hər gün ən azı 60 dəqiqə fiziki hərəkətdə olmaq lazımdır. Yaşına və sağlamlıq vəziyyətinə uyğun olan fiziki aktivlik səviyyəsini müəyyən etmək üçün həkimlə məsləhətləşmək mütləqdir”.

Bütün xəbərlər Facebook səhifəmizdə