"Sirkə turşusundan zəhərlənənlərin 40 faizini sui-qəsd təşkil edir" RƏSMİ AÇIQLAMA

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 1391 nəfər zəhərlənmə şikayəti ilə xəstəxanaya müraciət edib. SİA-nın xəbərinə görə, bu barədə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov məlumat verib.

O bildirib ki, onlardan 111 nəfər sirkə turşusundan, 165 nəfər dəm qazından zəhərlənmə ilə daxil olub: "244 nəfər dərmanla zəhərlənib ki, onlardan da 103 nəfərində kəskin allergik reaksiyalar baş verib".

Şöbə müdirinin sözlərinə görə, il ərzində xəstəxanaya 120-140 uşağın dərmandan zəhərlənməsinə görə müraciət edilir: "Dərmandan zəhərlənən uşaqlar arasında ölüm halları baş versə də, bu say az olur. Çox zaman evdə nəzarətin olmasına baxmayaraq, uşaqlar imkan tapıb dərmanları qəbul edirlər. Onlar adətən, nənə, babalarının dərmanlarını qəbul edirlər. Bu dərmanlar da əsasən, qan laxtalanmasına, təzyiqə qarşı olur. İndi dərmanların çoxu rəngbərəng, dadı isə şirin olduğundan uşaqlar onlara maraq göstərir və içirlər. Yaxsı olar ki, dərmanlar uşaqların əllərinin çatmadığı yerlərdə qoyulsun".

Bəzən uşaqların sirkə turşusu da içdiyini deyən A.Maqsudov bildirib ki, sirkə turşusunu əsasən 25-40 yaşlılar və yaşı 60-dan çox olanlar qəbul edirlər: "Ümumilikdə, sirkə turşusu içənlərin 40 faizi buni sui-qəsd, qalanları isə affekt vəziyyətində, kimisə qorxutmaq məqsədilə onu qəbul edirlər. 2 xörək qaşığı sirkə turşusu ölümcül sayılır. Lakin bəzən az dozada sirkə turşusu içən xəstə də dünyasını dəyişir, yüksək dozada sirkə içən xəstəni isə xilas etmək mümkün olur. Bu, əsasən, sirkə qəbulu nəticəsində yaranan fəsadların dərəcəsindən asılıdır".

“Mart - sentyabr aylarında 4 nəfər qara qurd sancması, 56 nəfər etanolla (spirtli içki) zəhərlənmə, 83 nəfər ilan sancması (əsasən gürzə ilan ilə sancma) diaqnozu ilə xəstəxanaya daxil olub. İlan sancma hallarında 6 nəfər azyaşlı olub, ölüm hadisəsi qeydə alınmayıb. Yanvardan indiyədək 6 nəfər zəhərli göbələkdən zəhərlənib. Müraciətlər əsasən, regionlardan Şamaxı, Hacıqabul , Yevlax, Bərdə, Qazax, Şəmkir, Tovuz, Astara, Lənkərandan olub"- deyə şöbə müdiri əlavə edib.

Müəllif: Nailə Məhərrəmova
loading...