Mövsümi xəstəliklərdən necə qorunaq?

“Hər mövsümün özünün geniş yayılan xəstəlikləri var. Payız və qışda isə ən geniş yayılan xəstəliklər kəskin respirator infeksiyalara və qripdir. Bu xəstəliklərə yoluxma üzrə ən yüksək risk qrupları yaşı 1-dən az, 65-dən çox olanlar, hamilələr, şəkərli diabet və digər xəstələrdir”. SİA-nın xəbərinə görə, bunu Bakı şəhərinin baş terapevti Rəhilə Əliyeva bu gün keçirdikləri mətbuat konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə payız və qış mövsümündə qripə yoluxma halları ilə müqayisədə kəskin respirator infeksiyalara yoluxma halları daha çox olur. Onların törədiciləri bakteriyalar, viruslar, ibtidailər də ola bilər: “ Xəstəliyin simptomları qızdırma, üşütmə, tərləmə baş və əzələ ağrıları və digərlərindən ibarətdir. Yüngül xəstələr ev şəraitində, lakin xəstəlik daha da ağırlaşdıqda xəstəxana şəraitində müalicə olunmalıdırlar. Xəstəlik 4-5 gün davam edir, tam şəkildə sağalma 10-15 gün davam edə bilər”

R.Əliyeva qeyd edib ki, kəskin respirator infeksiya və qripin müalicəsi antibiotiklərlə başlanılmalı deyil: "Antibakterial müalicə ehtiyac olduqda aparılmalıdır. Əgər xəstəlik ağırlaşmalar verərsə, xəstəyə virus əleyhinə dərmanlar verilir. Daha çox həyata keçirilməsi vacib olan profilaktik tədbirlər odur ki, mümkün qədər əhalinin sıx məskunlaşdığı ərazilərdən uzaq olmaq lazımdır. Aktiv həyat tərzi keçirmək, açıq havada olmaq lazımdır".

Müəllif: Nailə Məhərrəmova
loading...