Həyatları nağıl səhiyyə işçiləri

Namiq həkimi təkcə Sumqayıtda yox respublikamızda və ondan kənarlarda da çox savadlı, bacarıqlı cərrah-həkim kimi tanıyırlar. Məhz buna görə Namiq Fərəcova müraciət edən xəstələrin sayı həddindən artıq çoxdur. Mənim də həyat yoldaşımın vəziyyəti çox ağır olduğuna görə Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının cərrahiyyə şöbəsinin müdiri Namiq həkimə müraciət etdik. O, həyat yoldaşımı yüksək səviyyədə əməliyyat etdi və biz orada olduğumuz müddətdə şöbənin işçiləri əllərindən gələni etdilər ki, müalicə yüksək səviyyədə getsin. Ona görə də belə qərara gəldim ki, Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının baş həkimi Rauf Sadıxov başda olmaqla bütün xəstəxana kollektivinə öz təşəkkürümüzü SİA vasitəsi ilə bildirim. Bu, təkcə bizim yox, Namiq həkimin əlindən şafa tapan yüzlərlə xəstələrin arzusudur.

İlk öncə sizin saytın çoxminli oxucularını Namiq həkimlə daha yaxından tanış etmək istəyirəm. Namiq Əbdül oğlu Fərəcov 1985-ci ildə Ermənistan respublikasının Umudlu kəndində orta məktəbi bitirib. Elə həmin il də Azərbaycan Dövlət Tibb İnstitutuna (indiki Dövlət Tibb Universiteti) qəbul olub və oranın müalicə fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1993-cü ildən Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasında interna kimi əmək fəaliyyətinə başlayıb. 1994-cü ildən isə həmin xəstəxananın cərrahiyə şöbəsində cərrah kimi əmək fəaliyyətini davam etdirib. 2016-cı ildən artıq intensiv cərrahiyyə şöbəsinin müdiri vəzifəsində çalışır.

Həyatının qısa sətirlərini qələmə aldığım Namiq həkimin şəfalı, bacarıqlı əllərindən minlərlə insan ölümün pəncəsindən qurtarıb. Həkimin günəşli sabaha və ailələrinə qovuşdurduğu bu xəstələrin içərisində təkcə azərbaycanlılar yox, başqa millətlərdən olan insanlar da çoxdur. Namiq həkimin əllərinin sehrini əks etdirən onun biliyi, savadı, xəstələri diqqətlə dinləməsi, onlardan heç nəyi əsirgəməmsi və zəkasıdır. Qazandığı bütün nailiyyətləri o, çox yüksək elmi və savadı nəticəsində əldə edib. Bəli, bu möcüzələr yaradan barmaqların ilk canlı şahidlərindən biri elə mən özüm olmuşam. O, hələ interna işlədiyi 1993-cü ildə mənim üzərimdə cərrahiyyə əməliyyatı aparıb və elə həmin vaxtı mən onun əllərinin şəfasını görmüşəm. 2015-ci ildə həyatının son saatlarını yaşayan 81 yaşlı anamı da Namiq həkim həyata qaytardı. Anam bu gün də sağdır və gümrahdır. İndi də həyat yoldaşımı uğurlu əməliyyat nəticəsində gələcək bəladan, sağalmaz xəstəlikdən qurtardı Namiq həkim. Elə təkcə bir ailədən üç nəfərin sağalması üçün əlindən gələni edən Namiq Fərəcov bizim böyük nəsilə sevinc bəxş edib. Beləliklə, o, yüzlərlə bizim kimi ailələrə, nəsillərə sevinc bəxş etdiyinə görə hamının sevimlisidir.

Bəli, uşaqla uşaq, böyüklə böyük kimi davranan belə gözəl, sadə və təvazökar həkim həm də yaxşı ailə başçısıdır. Onun həyat yoldaşı Hicran həkim də Azərbaycan Dövlət Tibb İnstitutunu bitirəndən sonra boğaz-burun-qulaq (LOR) həkimi kimi ilk əmək fəaliyyətinə Sumqayıt şəhərindəki 5 Nömrəli Uşaq Poliklinikasında başlayıb və bu gün də öz işini orada uğurla davam etdirir. Onlar çox ağıllı, savadlı, tərbiyəli iki övlad böyüdüblər. Cavidan və Fidan. Hər ikisi ata və ananın müqəddəs yolunu davam etdirirlər. Cavidan Azərbaycan Dövlət Tibb Universitetinin V kursunda, Fidan isə IV kursda təhsillərini davam etdirməklə ailəyə böyük sevic bəxş ediblər. Onların da arzusu atası və anası kimi məşhur həkim olmaqdır. Bu da ailə təməlinin möhkəm olmasının ən bariz nümunəsi. Təki Ulu Yaradan bütün valideynlərə belə gözəl, ağıllı övladlar nəsib etsin. Namiq həkimin atası Əbdül kişi də çox hörmətli ağsaqqallardan biri sayılır. Ot kökü üstündə bitər deyib atalar. Namiq həkimin əmisi Zahid Fərəcov da bir vaxtlar Sumqayıtda sayılıb-seçilən cərrahlardan və ağsaqqallardan biri olub. 2016-cı ilin yəni ömrünün son gününə qədər Zahid həkim Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasında cərrahiyyə şöbəsinin müdiri olub və hamının da ən sevimli həkimi kimi yaddaşlarda yaşayır. Namiq həkim də əmisi kimi rəhbərlik etdiyi şöbədə hamının böyük hörmətini qazanıb. Ayrı-ayrılıqda mən burada çalışan işçilərin onun haqqında fikrini öyrənmək istədim. İşçilər arasında özünün xanım-xatunluğu ilə seçilən Nazilə Əjdər qızı Nağıyeva diqqətimi cəlb elədi. İki oğul anası olan bu xanım 1986-cı ildən intensiv şöbədə çalışdığını bildirdi. Nazilə xanımın diqqətimi çəkən ən gözəl xüsusiyyəti xəstələrlə olan gözəl davranışı, insani keyfiyyətləri oldu. O, xəstələrlə ən əziz doğmaları kimi rəftar etdiyinə görə hamının yaddaşında əbədi qalır. Nazilə xanım bütün bu müsbət keyfiyyətləri xəstəxananın baş həkimi Rauf Sadıxovdan və şöbə müdiri Namiq Fərəcovdan əxz etdiyini dedi.

Şöbənin baş tibb bacısı Aybəniz Xəlilova 1984-cü ildən burada çalışdığını bildirdi. 1992-ci ildən Ağdərədə və Qarabağın başqa bölgələrində könüllü yaralılara əlindən gələn tibbi yardımları edən Aybəniz xanım da çoxlu yaralıları ölümün pəncəsindən alıb. O, həm də 1993-cü ildə Sumqayıt şəhərindəki 8 nömrəli tam orta məktəbdə baş verən partlayış zamanı şagirdlərin oradan salamat çıxarılmasında da böyük fədakarlıq göstərib və həmin vaxtı bu xeyirxah işinə görə şəhər rəhbərliyinin və valideyinlərin böyük təşəkkürünü alıb.

Cərrahiyyə şöbəsinin təsərrüfat işləri üzrə rəhbəri vəzifəsində artıq 20 ildir ki, çalışan Şəfiqə Abdullayevaya hamı bir ana kimi böyük hörmət edir. O, bu hörməti özünün mehribançılığına və böyük diqqətinə görə qazanıb.

Bu cərrahiyyə şöbəsində çalışan tibb bacıları Qəribə Vəliyeva, Aygün Namazova, Xədicə Məhəmmədrəsulova və başqaları da özlərinin yüksək davranışı və xəstələrlə gözəl rəftarına görə hamının hörmətini qazanıblar. Onların da hamısı Namiq həkimdən və Rauf Sadıxovdan çox razılıq edirlər.

Bu xəstəxanaya gələnlərin ilk dəqiqlələrdən diqqətini çəkən Sumqayıt Şəhər Təcili Tibbi Yardın Xəstəxanasındakı səliqə-sahmandır. Hər gün səhər otaqlar, dəhliz süpürülür və dizinfeksiya olunur. Bütün bu işlərə də rəhbərlik edən Səyyarə Fərruxovadır.

Bəli, həqiqətən də Namiq Fərəcovun rəhbərlik etdiyi intensiv cərrahiyyə şöbəsi işçilərin mehribançılığına, bir-birini yarım sözdən başa düşmələrinə görə xəstəxanada seçilən şöbələrdən biridir. Arzumuz budur ki, təki Azərbaycandakı bütün xəstəxanalarda Sumqayıtdakı Təcili Tibbi Yardım Xəstəxanasında olan diqqət, mehribançılıq, hər işçinin öz işinə peşəkarcasına yanaşması kimi olsun. Onda həqiqətən də xəstələrimiz rufah hallarının ağır olduğu bu vəziyyətdə borc-xərclə müalicə olunmaq üçün daha xarici ölkələrə getməz və onlar öz müalicələrini də məhz ölkəmizdə davam etdirər, tam sağalarlar.

Azadə MƏHƏMMƏDQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə