Uşaq evlərində oftalmoloji müayinələr keçirilib

Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi (RİİB), Səhiyyə Nazirliyi və akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin birgə təşkilatçılığı ilə Gəncədə oftalmoloji müayinələr keçirilib. Səhiyyə Nazirliyindən SİA-ya verilən xəbərə görə, müayinələr uşaq evlərindəki sağlamlıq imkanları məhdud şəxsləri və sosial xidmət müəssisələrindəki uşaqları əhatə edib.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikasının, mərkəzin Gəncə şəhərindəki regional şöbəsinin peşəkar həkim briqadası tərəfindən müayinələr ödənişsiz qaydada aparılıb. Uşaqlar qlaukoma, katarakta, çəpgözlük, gözün müxtəlif iltihabi xəstəlikləri, göz dibi patologiyası və digər müayinələrdən keçirilib.

Ümumilikdə 30-dan çox uşaq göstərişə uyğun eynək və dərman vasitələri ilə təmin olunub. Əməliyyata ehtiyacı olan xəstələr akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə dəvət edilib.

RİİB-in dəstəyi ilə müxtəlif regionlarda mütəmadi olaraq tibbi müayinələr təşkil edilir. Bu aksiyaların digər regionlarda da davam etdirilməsi nəzərdə tutulub.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə