Qədim dərmanların tərkibi nədən ibarət olub?

Amerika alimləri suda batmış qədim yunan gəmisindən tapılmış bitki həblərinin tərkibini analiz ediblər. Dərman və Suriya şüşəsi ilə yüklənmiş taxta gəmi eramızdan əvvəl 130-cu ildə Toskana sahilləri yaxınlığında batıb. Arxeoloqlar onu 1989-cu ildə aşkar ediblər. Gəminin içərisində əksəriyyəti sudan xarab olmamış qədim dərmanların tərkibi hərtərəfli analiz olunub.

Vaşinqtonda Smitson Universitetində çalışan Robert Flayşer qədim yunan dərmanının tərkibində olan bitkilərin DNT-ni təhlil etmiş və alınmış nəticələri GenBank genetik məlumat bazasından götürülmüş nümunələrlə müqayisə etmişdir.

Məlum olub ki, hər bir dərmanda 10-dan çox bitki inqrediyenti, o cümlədən kök, turp, yabanı soğan, kərəviz, palıd, kələm, qarayonca, boymadərən və Çin qızılgülünün cövhəri vardır. Flayşerin sözlərinə görə, Dioskorid və Qalen kimi qədim yunan və qədim Roma təbiblərinin əsərlərində bu bitkilərin çoxunun təsvirinə rast gəlmək olar.

İlkin təhlil göstərib ki, dərmanların tərkibində günəbaxan da vardır. Alimlər təəccüblə bildirirlər ki, indiyədək bu bitkinin XV əsrin sonunda Amerikanın kəşfinədək Köhnə dünyaya məlum olmadığı hesab edilirdi. Əgər qədim yunan dərmanlarının tərkibində günəbaxanın olduğu təsdiq edilərsə, bu bitkinin tarixinə yenidən nəzər salınacaq. Düzdür, tədqiqatçılar qeyd edirlər ki, əslində bunu sübut etmək asan olmayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə